Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daha bir qabaqcıl yeniliyə imza atıb.
Eləcə də bax: Pandemiyadan zərər çəkmiş sahibkarlara Beynəlxalq Bankdan - GÜZƏŞTLİ KREDİT
FED.az xəbər verir ki, bank bu sahədə kompleks yanaşma imkanı verən FICOSiron® proqram təminatının tətbiqini başa çatdırıb. Bu proqram bir neçə modulu özündə birləşdirir və nəzarət orqanlarının, müxbir bankların tələblərinə tam uyğundur. Sistemə uğurla inteqrasiya nəticəsində müştəri hesablarının monitorinqi, köçürmələrin və ödənişlərin yoxlanılması, habelə müştəri risklərinin qiymətləndirilməsi proseslərinin real vaxt rejimində həyata keçirilməsi maksimum avtomatlaşdırılıb.
Əməliyyatları həyata keçirən bank əməkdaşları qərarların real vaxt rejimində qəbulu üçün sistemin komponentlərinə çıxış imkanlarına malikdirlər. Belə bir sistemin köməyi ilə əvvəllər aparılmış əməliyyatları da təhlil etmək mümkündür. FICO bazasında həllər sayəsində komplayns riskləri minimallaşdırılır və inzibatçının bu sahə üzrə normativ tələbləri tam yerinə yetirilir.
Komplayns proseslərinin avtomatlaşdırılması layihəsinə Azərbaycan Beynəlxalq Bankı hələ 2019-cu ildən start verib. Bankda Siron® həllərinin tətbiqi FICO-nun partnyoru olan RDTEX şirkətinin dəstəyi ilə yerinə yetirilib.
Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Fuad İslamov bildirib: “Maliyyə cinayətlərinə qarşı mübarizə geniş xarici müxbir şəbəkəsinə malik aparıcı bank kimi Azərbaycan Beynəlxalq Bankı üçün çox önəmlidir. FICO Siron® proqram təminatının tətbiqi banka bununla bağlı daxili və beynəlxalq qanunvericiliyin tələblərinə yüksək səviyyədə riayət etməyə, riskləri minimallaşdırmağa, bu sahədə xərcləri optimallaşdırmağa kömək göstərəcək. Bununla Azərbaycan Beynəlxalq Bankının rəqabət mövqeyi daha da güclənmiş olacaq. Bankımız üçün belə effektiv həlləri təmin edən tərəfdaşlarımız FICO TONBELLER və RDTEX şirkətlərinə təşəkkürümüzü bildiririk”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.