Aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının artırılması üçün Azərbaycan Beynəlxalq Bankı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə (AzALES) qoşulub. Beləliklə, Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə bu sistemə qoşulan ilk bank olub.
Eləcə də bax: Azərbaycanda üzüklə ödəniş etmək - MÜMKÜN OLDU
Bankdan FED.az-a verilən məlumata görə, AzALES sistemi AKİA üçün Avropa Yenidənqurma və İnkişaf Bankının, eləcə də Avropa İttifaqının dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb. Yeni innovativ həll aqrar sahədə risklərin aydın qiymətləndirilməsinə, kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verir.
Sistem fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırır. Eyni zamanda, bank və kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri düzgün qiymətləndirmək üçün şərait yaradır.
Qeyd edək ki, müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.