Ölkənin qabaqcıl banklarından olan “Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişib.
FED.az xəbər verir ki, bankın İdarə Heyətinin sədrliyi Həsən Quliyevə həvalə olunub.
Həsən Quliyev karyerasına 2006-cı ildə başlayıb, ümumilikdə 18 illik peşəkar təcrübəyə sahibdir. Bu təcrübənin 14 ilini “Bank of Baku”dakı fəaliyyəti əhatə edir.
Həsən Quliyev “Bank of Baku”dakı işinə 2010-cu ildə ilk olaraq Daxili audit departamentinin direktoru olaraq başlayıb, daha sonra Risklərin idarəedilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub. 2017-ci ilin martından İdarə Heyətinin üzvü seçilib və yanaşı olaraq Baş risk inzibatçısı vəzifəsini yerinə yetirib. 2021-ci ildən isə “Bank of Baku”nun İdarə Heyəti sədrinin I müavini kimi Biznes sahəsini kurasiya edib.
Həsən Quliyev bakalavr təhsilinə Azərbaycan Dövlət İqtisad Universitetində (Xüsusi istedadlar qrupu – XİQ) yiyələnib. O, təhsilini magistr dərəcəsi ilə davam etdirərək öncə UNEC-də maliyyə üzrə MBA, sonra ADA Universiteti – “Maastricht School of Management”də EMBA təhsili alıb.
Qeyd edək ki, "Bank of Baku" 30 ildir ki, fəaliyyət göstərir və 1 milyondan çox müştəriyə müxtəlif bank xidmətləri təqdim edir.