Azərbaycanın aparıcı banklarından olan «Bank of Baku» 2021-ci il üzrə illik nəticələri və Müstəqil Audit hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, «Bank of Baku» 2021-ci ildə bütün əsas göstəricilər üzrə yüksək dinamika nümayiş etdirib və ili böyük mənfəətlə başa vurub.
Hesabata əsasən, 2021-ci ildə «Bank of Baku»nun faiz gəlirləri 68,9 milyon manat, faiz xərcləri 19,2 milyon manat olub. 2020-ci illə müqayisədə bankın faiz gəlirləri 17,5%, faiz xərcləri 17,8% artıb.
Bundan başqa, ötən il bank kreditlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası üçün əvvəl ayırdığı ehtiyatları geri qaytarıb. Nəticədə il ərzində bankın xalis faiz gəlirləri 71 milyon manatı keçib. Bu – 2020-ci ilin göstəricisi ilə müqayisədə 25 milyon manat və ya 52% artıqdır.
Hesabatdan məlum olur ki, 2021-ci ildə «Bank of Baku»nun xalis qeyri-faiz gəlirləri (qeyri-faiz gəlirləri və xərclərinin fərqi – FED.az) 6,4 dəfə artaraq 536 min manatdan 3,4 milyon manata yüksəlib.
2021-ci ildə bankın işçi heyəti ilə bağlı xərclər 1,2 milyon manat və ya 6% artaraq 20 milyon manatı, ümumi inzibati xərclər isə 23% artaraq 11,6 milyon manatı keçib.
Nəticədə 2021-ci ildə «Bank of Baku»nun vergidən əvvəlki mənfəəti 42,6 milyon manata çatıb. Bu 2020-ci illə müqayisədə 2,1 dəfə artıqdır.
İlin nəticələrinə görə «Bank of Baku» büdcəyə 9,3 milyon manat (2020-dən 72% artıq) mənfəət vergisi ödəyib.
Nəticədə Bank 2021-ci ili 33,3 milyon manat xalis mənfətlə başa vurub. Bu əvvəlki illə müqayisədə 18 milyon manat və ya 2,3 dəfə artıqdır. Xatırladaq ki, 2020-ci ildə bankın xalis mənfəəti 14,6 milyon manat olmuşdu. Başqa bank artıq 2 ildir ki, ili yüksək mənfəətlə başa vurur.
Audit hesabatına əsasən «Bank of Baku» 2021-ci ildə 100 milyon manat və ya 24% «böyüyüb» - ötən ilin sonuna bankın aktivləri 519,5 milyon manata çatıb.
Ötən il Bankın kredit portfeli 50% artaqaq 247 milyon manatdan 369 milyon manata yüksəlib. Bankın qiymətli kağızlara yatırımı isə 43% artaraq 39 milyon manatı keçib.
Bankın öhdəlikləri isə 73 milyon manat və ya 22% artaraq 402 milyonq manatı keçib.
2021-ci ilin nəticələrinə görə «Bank of Baku» maliyyə vəziyyətini daha da möhkəmləndirib. Bankın kapitalı 27 milyon manatdan çox artaraq 90 milyon manatdan 117,3 milyon manata yüksəlib.
Qeyd edək ki, «Bank of Baku» ASC 18 fevral, 2005-ci il tarixində Azarbaycan Respublikasının Mərkəzi Bankı (“ARMB”) tərəfindən verilmiş 247 saylı bank lisenziyası əsasında fəaliyyət göstərir. Bankın səhmdarları «NAB Holding» ( payı 35,00%), Hikmət İsmayılov (31,11%), «Azpetrol Neft Şirkəti» MMC (28,89%) və Elçin İsayevdir (5,00%).