Ölkənin bank sektorunun lideri olan «Azərbaycan Beynəlxalq Bankı» 2023-cü il üzrə illik maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bank ötən ili 380 milyon 888 min manat xalis mənfəətlə bitirib. 2022-ci illə müqayisədə xalis mənfəətin həcmi 92 milyon 106 min manat və ya 32% artıb.
Hesabat ilində bank 103,3 milyon manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisədə 24,4 milyon manat və ya 31% çoxdur.
ABB-nin ötən il faiz gəlirləri 787,7 milyon manat təşkil edib ki, onun da 482 milyon manatı müştərilərə verilmiş kreditlərin hesabına, 125 milyon manatı nağd pul və onların ekvivalentlərinin, 104,5 milyon manatı isə investisiya qiymətli kağızlarından əldə edilən faiz gəlirləri olub.
İllik müqayisədə ümumi faiz gəlirləri 191,9 milyon manat (32%), kreditlər hesabına formalaşan faiz gəlirləri 101 milyon manat (27%), nağd pul və onların ekvivalentləri hesabına formalaşan faiz gəlirləri 53,9 milyon manat (76%), investisiya qiymətli kağızlarından əldə edilən faiz gəlirləri isə 43,1 milyon manat (70%) artıb.
Hesabat dövründə cəmi faiz xərcləri 40,8 milyon manat (37%) artaraq 151,9 milyon manata çatıb. Xərclərin böyük qismi, 100,6 milyon manatı müştəri hesabları əsasında formalaşan xərclər (39,2 milyon manat və ya 64%-lik artım) olub.
Ümumilikdə xalis faiz xərcləri son bir il ərzində 151,2 milyon manat və ya 31% artaraq 635,8 milyon manata çatıb.
ABB-nin haqq və komissiya gəlirləri 160,3 milyon manat, xərcləri 91,9 milyon manata bərabər olub. İllik müqayisədə gəlirlər 43,1 milyon manat (37%), xərclər isə (92%) artıb.
Əməliyyat xərcləri isə 63,7 milyon manat artaraq 314,1 milyon manata çatıb.
“ Azərbaycan Beynəlxalq Bankı” ötən il 13 milyard 929 milyon manat aktivlərə malik olub. Aktivlərin 2 milyard 817 milyon manatını nağd pul vəsaitləri və onların ekvivalentləri, 1 milyard 824 milyon manatı mərkəzi banklarda məcburi pul qalıqları, 1 milyard 571 milyon manatı banklardan və digər maliyyə təşkilatlarından alınacaq məbləğlər, 2 milyard 52 milyon manatı investisiya qiymətli kağızları, 4 milyard 910 milyon manatı isə kredit portfeli təşkil edib.
Kredit portfeli 2022-ci illə müqayisədə 1 milyard 509 milyon manat və ya 44% böyüyüb.
Bankın öhdəlikləri 11 milyard 882 milyon manat təşkil edib ki, onun da 10 milyard 262 milyon manatını müştəri hesabları, 577,3 milyon manatını isə banklar və digər maliyyə təşkilatları qarşısında öhdəliklər, 497 milyon manatını buraxılmış borc qiymətli kağızları, 229 milyon manatını digər borc öhdəlikləri təşkil edib.
Bankın balans kapitalı son bir ildə 227 milyon manat, başqa sözlə 12% artaraq 2 milyard 47 milyon manata çatıb.