Azərbaycanın bank sektorunun lideri, ölkənin ən byöük bankı olan Azərbaycan Beynəlxalq Bankı – ABB ASC 2022-ci ildə əldə edilən göstəriciləri müzakirə edəcək.
FED.az xəbər verir ki, 30 may 2023-cü il saat 15.00-da Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvanda Bankın səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
“ABB” ASC-nin nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
1. “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin maliyyə hesabatının təsdiq olunması.
2. 2022-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi.
3. 2024-2026-cı illərin maliyyə nəticələrinə görə “ABB” ASC-nin əməkdaşlarının mükafatlandırılması.
4. “ABB” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
5. “ABB” ASC-nin müşahidə şurası haqqında əsasnamənin yeni redaksiyada təsdiq edilməsi.
Ümumi yığıncağın gündəliyindəki məsələ üzrə materiallar 2023-cü il mayın 19-dan bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı son illər olduqca yaxşı nəticələr nümayiş etdirir. Bank yeni başa çatan 2022-ci ili də böyük məbləğdə – 254,4 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bankın maliyyə göstəriciləri o qədər yaxşılaşıb ki, bir neçə il əvvəl müzakirə edilən ABB-nin özəlləşdirilməsi məsələsi gündəmdən çıxıb.
Belə ki, bir neçə həftə əvvəl Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev FED.az-a bildirib ki, bank mənfəətlə çalışır və dövlət büdcəsinə dividend ödəyir: "ABB son illər mənfəətlə çalışır, mənfəətdən dövlət büdcəsinə dividend ödəyir. İndiki məqamda mənfəətlə işləyən müəssisənin, sistem əhəmiyyətli bankın özəlləşdirilməsi gündəmdə deyil"- deyə Mətin Eynullayev əlavə edib.
«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin nizamnaməsinin 8.10-cu bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyindəki məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə və bitərəf) və imzanız qanunvericilikdə müəyyənləşdirilmiş qaydada (notarial və s.) təsdiq olunmaq, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərtilə bu bildirişə əlavə olunan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 nömrəli ünvana 2023-cü il mayın 30-dək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılışı ümumi yığıncağın keçirildiyi gün bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir»-deyfə idarə heyətinin açıqlamasında bildirilir.