«AFB Bank» ASC 2021-ci ilin 1-ci rübünü 4 milyon 425 min manat mənfəətlə başa vurub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 73,3% çoxdur. Xatırladaq ki, ötən ilin ilk rübünün sonunda bankın xalis mənfəəti 2 milyon 553 min manat idi.
Eləcə də bax:"Azərbaycan Sənaye Bankı”nın qazancında - Böyük Azalma
Yanvar-mart ayalarında «AFB Bank»ın faiz gəliri 5 milyon 212 min manat, faiz xərcləri 419 min manat təşkil edib. Nəticədə xalis faiz gəliri 4,8 milyon manat təşkil edib.
İlk rübdə bankın faiz gəlirlərinin 4,6 milyon manatı kreditlərdən daxil olan faizlərin, 563 min manat isə qiymətli kağızlaran gələn kupon ödənişlərinin payına düşüb.
Faiz xərclərinin əsasını - 351 min manatını bankın götürdüyü kreditlərə görə ödədiyi faizlər təşkil edib.
İlk rübdə AFB Bank-ın qeyri-faiz gəlirləri 1 milyon 850 min manat, qeyri-faiz xərcləri 3 milyon 646 min manat təşkil edib. Bunun 1 milyon 366 min manatı əməkhaqqı xərcləri olub.
Nəticədə bank rübü 3 milyon manat əməliyyat mənfəəti ilə bitirib. Bundan əlavə bank, mümkün zərərlərdəq qorunmaq üçün yaradılan ehtiyatlardan 1 milyon 428 min manatı geri qaytarıb. Nəticədə rüün sonuna xalis mənfəət 4 milyon 425 min manat olub.
Bu il aprelin 1-nə «AFB Bank»ın aktivləri 263 milyon 864 milyon manat olub ki, bunun da 124 milyon 542 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 182 milyon 373 min manat, o cümlədən depozit portfeli 93 milyon 571 min manat, kapitalı 81 milyon 491 min manat təşkil edib.
Son 4 ayda bankın kapitalı 4,4 milyon manat yüksəlib.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.