«AccessBank» üçün hər hansı bankla birləşmək mövzusu əvvəllər aktual ola bilərdi, indi bu məsələ gündəlikdə deyil.
Eləcə də bax: Anar Həsənov: “Kredit portfelini təkmilləşdirib faizləri azaldacağıq” – MÜSAHİBƏ
FED.az xəbər verir ki, «AccessBank»ın İdarə Heyətinin sədri Anar Həsənov bankın durumu və qarşıdakı planları barədə müsahibəsində digər banklarla birləşmə ehtimalı barədə sualı da cavablandırıb.
«Bir sıra banklar maliyyə çətinlikləri ilə üzləşib. Başqa bir bankdan konsolidasiya təklifi irəli sürülübmü? Bu məsələ nəzərdən keçirilə bilərmi?» sualına cavab verən A.Həsənov bildirib ki, bu məsələni şərh etmək daha çox bankın səhmdarlarının səlahiyyətindədir. Çünki AccessBank üçün bu məsələ kapitallaşmadan əvvəl aktual ola bilərdi.
«Həqiqətən də, devalvasiyadan sonra bankların konsolidasiya edilməsi çağırışı tez-tez səslənirdi – bildirilirdi ki, Azərbaycan bazarı üçün 45 bank həddən artıq çoxdur və onların sayı azaldılmalıdır. Əlbəttə, müəyyən ünsiyyət səviyyəsində bu mövzuda söhbətlər gedib, amma ciddi bir addım atılmayıb. Bizim əsas məqsədimiz kapitalı möhkəmləndirməkdən, mümkün natarazlığı aradan qaldırmaqdan və güclü səhmdar strukturunu qoruyub saxlamaqdan ibarət idi və biz bu məqsədə nail olduq.
Bundan əlavə, bankın inkişafı ilə əlaqədar təsdiqlənmiş dördillik plan və bu planda öz əksini tapmış müddəaların uğurla həyata keçirilməsi “AccessBank”ın səhmdar strukturunun dəyişilməsini nəzərdə tutmur. Düşünürəm ki, bu məsələ bankımız üçün aktual deyil»-deyə bank rəhbəri bildirib.