Tanımış aparıcı, bloqer, yol-nəqliyyat sahəsi üzrə ekspert Tural Yusifov Dövlət Yol Polisi (DYP) əməkdaşlarını videoya çəkənlərin cəzalandırılacağı ilə bağlı açıqlamasını şərh edib.
Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin nəqliyyat iştirakçısını səbəbsiz yerə saxladığına dair görüntülər yayılmışdı. Məlumatlar yayıldıqdan sonra Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev mətbuata açıqlama verərək, yol polisini videoya çəkib yayanların cəzalandırılacaqlarını bildirib.
FED.az-ın məlumatına görə, T.Yusifov Oxu.Az-a açıqlamasında bildirib ki, sürücü çəkdiyi videonu şantaj məqsədilə istifadə etmirsə, onu sərbəst şəkildə sosial şəbəkələrdə yaya bilər:
“Qanunvericilikdə yol polisi əməkdaşının görüntülənməsinə dair qadağa yoxdur. Əgər qadağan olunan heç bir maddə yoxdursa, vətəndaş necə cəzalana bilər? Tutaq ki, siz yol polisinin görüntülərini çəkmisiniz, daha sonra bunu sosial şəbəkələrdə yaymısınız. Bundan sonra DYP sizi cəzalandırmaq üçün məhkəməyə üz tutur.Eləcə də bax: Nişanlarda dəyişiklik olundu - Sürücülərin diqqətinə!
Onlar hansı maddə ilə sizə cəza tətbiq edəcəklər? Vətəndaş sərbəst şəkildə yol polisinin əməkdaşının fəaliyyətini video ilə qeyd edə bilər. Lakin həmin videoda təhqir, yaxud şantaj olmamalıdır. Əgər vətəndaş video çəkirsə və şantaj məqsədilə yayırsa, bu, cinayət və inzibati məsuliyyət deməkdir”.
T.Yusifov onu da vurğulayıb ki, yol polisi xidmət başında görüntüsünün çəkilməsini qadağan edə bilməz:
“Hətta inspektor əmr versə belə, vətəndaş lentə almağa davam edə bilər, çünki sürücü onun şəxsi həyatını çəkmir. Yol polisi yalnız yol hərəkəti ilə bağlı əmr verə bilər: saxla avtomobili, qırmızıda keçmə, dayanmanı pozma, sür, keç. DYP-nin videoqeydiyyatın dayandırılmasını tələb etməsi qeyri-qanunidir”.