Yəqin ki, avtomobili olan vətəndaşlarımızın əksəriyyətinin ünvanına nə vaxtsa “Bildiriş” və “İcra vərəqəsi” gələrkən, yazılan cərimənin fərqinə varmadan, tələsik aparıb ödəyirlər. Söhbətin nədən getdiyini daha aydın şərh etmək üçün, bu günlərdə mənə müraciət etmiş Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi 7 saylı ünvanda yaşayan Oqtay Əbülfəz oğlu Abbasovun başına gələnləri şərh edirəm.
Oqtay Abbasov Gəncə şəhəri İcra İdarəsindən inzibati xəta törətməsi haqqında bildiriş vərəqəsi alır və həmin idarəyə gələndə məlum olur ki, Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalovun çıxardığı qərara əsasən o, paytaxt yollarından birində hansısa qaydanı pozub və buna görə 50 manat cərimələnib.
“12 fevral 2018-ci ildən qanuni qüvvəyə minən” qərarın da sən demə, belə yazıldığına baxmayaraq, heç bir qanuniliyi yoxdur. Gəncə Şəhəri İcra İdarəsinin əməliyyatçıları da sağ olsun, Oqtay Abbasovu dinlədikdən sonra, məlum olur ki, o, həmin vaxtı heç Bakıda olmayıb, adına cərimə yazılmış avtomobili də sürməyib. Çünki Bakının Binəqədi rayon Məhkəməsindən Gəncə Şəhəri İcra İdarəsinə göndərilən cərimə sənədlərinin üstündə qətnamə, sürücü ilə polis əmməkdaşı arasında imzalanan ptokolun möhürlənmiş əsli və icra olunacaq qərar belə yoxdur. Əgər Gəncə şəhərinin İcra İdarəsinin böyük icra məmuru Kazımov Vasif Vəkil oğlu sənədləri, bir çoxları kimi başdansovdu araşdırsaydı, indi bizə şikayət edən avtomobil sahibi mütləq yuxarıda qeyd olunan cəriməni ödəməliydi. Heç bir qanuni əsası olmayan sənədi intizamlı və vicdanlı icra əməkdaşı geri qaytarır.
Eləcə də bax: Azərbaycanda avtomobillər bahalaşdı - SON RƏQƏMLƏR
Oqtay Abbasov bir az da dərinə gedib, bu müşkül məsləni araşdıranda məlum olur ki, cərimə ümumiyyətlə onun avtomobilinə deyil, 20 DB 511 dövlət nömrə nişanlı “Ford Tean” maşının sahibinə - Xəyal Məmmədov adlı sürücüyə yazılıb. Sonra Gəncədəki Dövlət Avtomobil Nəqliyyatı Xidməti şöbəsindən sorğu istəyəndə məlum olur ki, bu hələ harasıdır, sən demə sahibi Xəyal Məmmədov olan avtomobilin daha 4 cəriməsi də - 40, 60, 200 manat olmaqla - O.Abbasovun adına yazılıb. Həmin cərimə siyahısında Binəqədi rayonunda baş vermiş üç yol hərəkətini pozma qaydası 21 fevral, 4 iyun və 4 sentyabr tarixlərində qeyd olunub, yol qaydasını pozma halının biri isə 23 iyulda Qaradağ rayonu ərazisində olub.
Oqtay Abbasov deyir ki, vurun məni öldürün, vallahi-billahi həmin tarixlərdə ümumiyyətlə mən heç Bakıda olmamışam. Hazırda idarə etdiyi 10 HL- 986 dövlət nişanlı RAF markalı maşını isə 4 aydır ki, ancaq Gəncə ərazisində sürür.
Belə olduqda sual yaranır: görəsən qanunu kim pozub? Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yolda dayanan əməkdaşları nədən belə səhv etsinlər ki?
Ancaq daha dərindən araşdırandan sonra məlum oldu ki, həqiqətən də bu işləri görən illərdən bəri oturuşmuş bir mafiya şəbəkəsidir (ola bilər ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bundan xəbəri olmasın). Müxtəlif protokol yazan bir neçə əməkdaş rayon məhkəmələri və bu işdən başı çıxan məmurlarla əlbir olub, yol qaydası pozan hər hansı sürücünün azərbaycansayağı “sən öl, mən ölümünə” rəğmən, yazdıqları protoklu korlamırlar, lakin, həmin protokolu əllərində olan naməlum vətəndaşların pasport və ya şəxsiyyət vərəqəsi adına yazırlar. Bakı şəhərindən yazılan cərimələr isə əsasən ucqar rayonlara gedir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətində bir qayda var ki, postda olan polis nəfəri yazdığı protoklu korlayarsa, bunu nədən etdiyinin cavabını yazılı şəkildə verir və bildiyim qədər hətta cərimələnir də. Cərimələnməsin, izahat verməsin deyə, yol polisinə “soxulan” belə üzdəniraq əməkdaşlar, həmin cərimələri əllərində göstəriciləri olan vətəndaşların sənədlərinə və ünvanına yönəldirlər.
Yol hərəkəti qaydalarına görə, protokol yazılanda sürücü oraya razı olub-olmadığı barədə yazmalıdır. İmza atmalıdır. Möhür vurulmalıdır. 10 gün ərzndə Dövlət Avtomobil Nəqliyyatı Xidməti yazılı qərar çıxarmalıdır. Bu sənədlər də göndərilməlidir məhkəməyə. Məhkəmə də həmin sənədlərin əsasında baxmalıdır. Bundan sonra qayda pozan, cərimələnən vətəndaşın adına və ünvanına bir dəfə bildiriş göndərilməli, sonra onun barəsində olan iş araşdırılmalıdır. Görəsən illərdən bəri hakim kürsüsündə oturan Mirheydər Zeynalov niyə belə səhv etsin? Yəni imzası qeyd olunmayan sənədlərlə də məhkəmə qurulurmu? Niyə bir dəfə də olsun, Oqtay Abbasovu məhkəməyə çağırmadığınız halda, onun barəsində icra vərəqəsi çıxarırsınız? Və yaxud da daha bir sual yaranır? Niyə Binəqəd rayon Məhkəməsi bir dəfə də olsun, icra vərəqəsində ünvanı göstərilən Oqtay Abbasova bildiriş göndərməyib?
Və yaxud da tərtib olunan protokolda Oqtay Abbasovun imzası niyə yoxdur? Cənab hakim, nədən bu qədər diqqətsizlik etmisiniz? Bu Qərarı həqəqətən də özünüz yazmısınız?
Məsələ ondadır ki, dərindən araşdıranda məlum olur ki, bu məsələ respublikada kütləvi hal alıb. Böyük bir şəbəkə məhkəmələr və icra idarələri ilə əlbir olub, uzaqda yaşayan sürücülərə qanunsuz cərimələr göndərirlər. Yevlaxda, Gəncədə, Şəmkirdə yaşayan avtomobil sahibləri, onlar haqqında yazılan cərimələri çox vaxt araşdırmadan elə yaşadıqları ərazidə gedib göstərilən hesaba köçürməklə ödəyirlər. Çünki bilirlər ki, Bakiya gedib-gəlmək, məhkəmə qapılarında gözləmək həm vaxt itkisidir, həm də əsəbləri gəriləcək.
Bu kütləvi hal almış cərimə oyunu Bakı və Sumqayıt şəhərində yaşayan avtomobil sahiblərinə az məbləğdə 10, 20, 30 manat şəklində göndərilir. Vətəndaş isə fikirləşir ki, tez aparıb cəriməni ödəsin ki, üstünə faiz gəlməsin. Ancaq çoxlarının ağlına belə gəlmir ki, gedib həmin cərimənin harada və ya nə zaman yazılmasını araşdırsa görəcək ki, bu, böyük bir şəbəkənin oyunudur.
Mən bu sənədləri araşdırandan sonra belə qərara gəldim ki, Oqtay Abbasovun dərdini birbaşa Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, cənab Fuad Ələsgərova çatdırım.
Hörmətli Fuad müəllim!
Cənab prezident çıxışlarında müntəzəm olaraq respublikada baş verən rüşvətxorluq və korrupsiya hallarının aradan qaldırılması üçün mübarizə aparılmasıının vacibliyini qeyd edir və onu da deyir ki, biz jurnalistlər onun köməkçiləriyik. Gördüyümüz mənfi hallar barədə xəbərdarlıq etmək vətəndaşlıq borcumuzdur.
Fuad müəllim, özünüz illərin püxtələşmiş və peşəkar hüquqşünasısınız. Diqqətinizə çatdırdığım sənədlərə baxan kimi biləcəksiniz ki, burada mafioz qrupun korrupsiya məskəni yer alıb. Bu işi dərindən araşdırmaq üçün xüsusi qrup yaratsanız, həmin cinayətkar şəbəkənin izini aşkar edəcəksiniz. Və çox istərdim ki, həmin cinayətkar qrupun aşkar edilməsində özüm də iştirak edim.
Hörmətlə,
Aida Eyvazlı