Əcnəbilər tərəfindən gətirilən və xarici ölkədə qeydiyyatda olan avtomobil hər hansı təminat üsulu tətbiq edilmədən (depozitsiz) Azərbaycanda 90 gün müddətində qala bilər. Avtomobili ölkə ərazisinə gətirən şəxs gömrük orqanına müraciət edərək qanunvericiliyə əsasən müvafiq təminat üsullarından istifadə etməklə bu müddəti uzada bilər. Bu halda isə qanunvericilikdə müəyyən edilən müddət 1 ilə qədərdir.
Eləcə də bax: Azərbaycanda yeni avtomobillər bazarı çöküb, dilerlər - HÖKUMƏTDƏN KÖMƏK İSTƏYİR
FED.az biznes portalı Marja.az-a istinadən məlumat verir ki, Azərbaycanda yaşayan, xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı olan şəxslər tərəfindən xarici dövlətlərdə (əsasən Gürcüstan) daimi qeydiyyatda olan avtomobilləri həmin ölkələrdən alınmaqla ölkə ərazisinə müvəqqəti gətirilməsi halları kütləvidir. Qanunvericiliklə müəyyən olunmuş 90 gün ölkə ərazisində qalma müddəti başa çatdıqdan sonra müvəqqəti gətirilmiş avtomobil təminat (depozit) qarşılığında 1 ilədək sürülür. Məsələn, Gürcüstanda avtomobil Azərbaycandan ən azı 2 dəfə ucuzdur. Bu ölkədən ucuz qiymətə avtomobili almaqla, yuxarıdakı mexanizmdən istifadə edərək gömrük ödənişləri ödəmədən avtomobil Azərbaycanda 1 il 90 gün istifadə etmək mümkündür. Bu müddətdən sonra avtomobil Gürcüstana aparılaraq tranzit nömrə ilə Azərbaycana qaytarılmalı, gömrük ödənişləri həyata keçirilməli, Azərbaycanın daimi qeydiyyatına daxil edilməlidir. Ya da avtomobil heç qaytarılmaya bilər.
Xeyli müddətdir karantin rejimilə əlaqədar sərhədlər bağlı olduğundan əcnəbilər 90 gün ölkə ərazisində qalma müddəti başa çatmış avtomobilləri Gürcüstana qaytara bilmirlər.
Gürcüstan seriyalı avtomobili Azərbaycanda sürənlərdən biri də Vüqar Murtuzovdur. Onun verdiyi məlumata görə, təkcə Zaqatala-Balakən ərazisində 600-dən çox avtomobil sahibi çətin vəziyyətdə qalıb. Səbəb gömrük orqanının depoziti qəbul etməməsidir.
“90 günlük hüququmdan istifadə etmişəm. Buna sözüm yoxdur. İndi məndən depozit alıb avtomobili 1 il sürməyə icazə verməlidirlər. Koronavirusa görə sərhəd bağlıdır, avtomobili Gürcüstana qaytara bilmirik. Gömrük orqanı da müddəti uzatmır. İndi avtomobillərimizi sürə bilmirik. Biz xahiş edirik ki, ya depozit qəbul edib müddəti 1 il uzatsınlar ya da sərhəd açılana qədər avtomobilimizi sürməyə icazə versinələr”,- Vüqar Murtuzov bildirdi.
Onun sözlərinə görə, 90 gün başa çatandan sonra gömrük orqanı depozit qarşılığında avtomobili sürməyə icazə verlə bilər, amma depoziti qəbul etmir:
“Bizə bildirilib ki, avtomobillər terminalın dayanacağında saxlanılmasa 700 manat cərimə olunacağıq. Mart ayında günü 12 manatdan, aprel-mart ayında günü 5 manatdan dayanacaq haqqı ödəmişik. İyun ayında da günü 1,50 manatdan dayanacaq haqqı ödəyirik. Qanunla 90 gün bitdikdən sonra depozit ödəyib 1 ilədək sürmək hüququmuz var. Amma depozit götürmürlər, deyirlər ki, “depozitin qəbul edilməsi üçün giriş-çıxış olmalıdır”. Bu düzgün deyil, koronavirusdan əvvəl Azərbaycan gömrüyünə yaxınlaşıb müddəti deposit ilə uzatmaq mümkün idi, Gürcüstana gedib qayıtmaq tələb olunmurdu. Əgər səbəb sərhədin bağlı olmasıdırsa, bu da, bizim günahımız deyil. Yuxarı dövlət orqanlarından xahiş edirik, bizə güzəşt etsinlər. Biz depozit də ödəməyə hazırıq. Ya depozit qəbul edilsin, ya da sərhəd açılana qədər bizə avtomobilimizi sürməyə icazə versinlər. Qeyd edim ki, bizim də ölkəyə xeyirimiz dəyir - avtomobilimiz üçün benizin, digər ehtiyaclarımızı ödəmək üçün də ərazaq və qeyri-ərzaq məhsulları alırıq”.
“SUİ-İSTİFADƏ HALLARINA YOL VERİLİR”
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi ötən ilin Noyabr ayında avtomobillərin müvəqqəti olaraq Azərbaycana gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirdiyiniz açıqlamışdı.
“Məsələ ilə bağlı müvafiq araşdırmalar onu göstərir ki, qanunvericiliklə nəzərdə tutulan bu güzəştdən sui-istifadə hallarına yol verilərək, əsasən gömrük ödənişlərini ödəməmək, həmçinin AVRO-4 ekoloji standartlara cavab verməyən avtonəqliyyat vasitələrinin gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etmədən ölkə ərazisində idarə edilməsi, xüsusilə də qeyri-qanuni sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün istifadə olunur. Üstəlik, müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin əksəriyyətinin istehsal buraxılış tarixi 15-20 ili ötüb, texniki göstəricilərə görə qənaətbəxş deyil və qəbildən olan avtonəqliyyat vasitələri ölkənin ekoloji durumunun korlanması ilə yanaşı, həmçinin yol qəzalarının artmasında da potensial təhlükə yaradırlar. Gömrük orqanları da yuxarıda sadalanan amilləri nəzərə alaraq gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib”,- Komitənin məlumatında bildirilmişdi.