Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 744 379,31 min ABŞ dolları dəyərində 72 902 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 45,5% və 70,2% çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, hesabat dövründə ölkəyə 630 204,07 min dollar dəyərində 68 024 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən dəyər baxımından 42,5%, say baxımından isə 70,7% çoxdur.
Bundan başqa, bu ilin ilk 10 ayında ölkəyə 72 801,99 min dollar dəyərində 4 571 vahid (ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 84,6%, say baxımından isə 69% çox) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 186 vahid (30 vahid çox) 27 796,40 min dollar dəyərində (2 dəfədən çox) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 121 vahid (8 vahid çox) 13 576,85 min dollar dəyərində (14,7% az) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.
Komitənin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında ölkəyə dəyəri 61 059,99 min dollar (ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2,7 dəfəyədək çox) təşkil edən 10 033 vahid (2,5 dəfəyədək çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), həmçinin 2 510,67 min dollar (68,7% az) dəyərində 106 vahid (36 vahid az) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.