Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 189 354,8 min ABŞ dolları dəyərində 17 102 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 19,8% və 10% çoxdur.
Eləcə də bax: "Rusiya avtomobillərinin Azərbaycana idxalı ilə bağlı problem yoxdur" - AÇIQLAMA
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin ilk üç ayında ölkəyə 148 734,32 min dollar dəyərində 15 934 vahid, əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici 2021-ci ilin eyni göstəricisindən dəyər və say baxımından 12% çoxdur.
Bundan başqa, bu ilin yanvar-mart aylarında ölkəyə 22 462,44 min dollar dəyərində 1 012 vahid (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 32,7% çox, say baxımından isə 19% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 90 vahid (50 vahid çox) 10 478,18 min dollar dəyərində (artım 2,4 dəfəyədək çox) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 66 vahid (35 vahid çox) 7 679,86 min dollar dəyərində (94% çox) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.
Komitənin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkəyə dəyəri 26 950,07 min dollar (2021-ci ilin birinci rübünün göstəricisi ilə müqayisədə 2,6 dəfədən çox) təşkil edən 3 140 vahid (71,5% çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 1 976,8 min dollar (2,7 dəfədən çox) dəyərində 70 vahid (53 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. (Apa)