Azərbaycanın bəzi bölgələrində taxılın məhsuldarlığı çox aşağı 18-20 sentnerdir ki, bu da indiki dövrdə qənaətedici sayla bilməz.
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, bu gün dünyada istehsalın artırılmasına - əsasən məhsuldarlıq hesabına nail olunur. Belə ki, bir çox ölkələrdə buğda istehsalı hər hektardan 70-80 sentnerə çatdırılır. Bu baxımdan Azərbaycanda da məhsuldarlığın artırılması ən düzgün yoldur. «Ölkədə elə iri fermer təsərrüfatları var ki, onlar aqrotexniki qaydaları lazımi qaydada tətbiq etməklə hektarda məhsuldarlığı 60-70 sentnerə çatdırmağa nail olurlar. Ancaq əksər, xüsusilə orta və kiçik təsərrüfatlarda bu rəqəm 30-31 sentnerdən yüksək deyil və bu da respublika üzrə ümumi göstəricilərə mənfi təsir edir».
Komitə sədrinin sözlərinə görə, Hacıqabul, Bərdə, Tovuz, Sabirabad, Tərtər, Ağcabədi rayonlarında taxılçılar bu il becərdikləri taxıl sahələrinin hər hektarından 40 sentnerdən çox məhsul əldə ediblər ki, bu da respublika üçün yaxşı göstəricidir.
«Ancaq çox təəssüflər olsun ki, bəzi rayonlarda məhsuldarlıq nəinki ölkə səviyyəsində, ondan da xeyli aşağı olmuşdur. Respublikanın iri taxılçılıq rayonlarından sayılan Şəkidə hər hektardan cəmi 18,3 sentner məhsul götürülmüşdür ki, bu da belə bir dövrdə qənaətləndirici sayıla bilməz. Şamaxı, Xızı və bəzi rayonlarda isə məhsuldarlıq 20 sentnerə belə çatdırılmamışdır. Əlbəttə, belə hallar respublika üzrə məhsuldarlığa ciddi təsirini göstərmişdir»-deyə deputat bildirib.
Tahir Rzayev xatırladıb ki, ilin əvvəlinə Azərbaycanın özünü buğda ilə təminetmə əmsalı 62 faiz olub, vəziyyəti daha da yaxşılaşdırmaq, ərzaqlıq buğdaya olan tələbatı müəyyən qədər ödəmək məqsədilə dövlət başçısı tərəfindən fərmanlar imzalanıb, göstərişlər əsasında xüsusi proqram hazırlanıb. Yaxın 3-4 il ərzində ölkəni ərzaqlıq buğda ilə 80 faiz təmin etmək başlıca vəzifə kimi qarşıya qoyulub.
Bu məqsədlə suvarma sistemlərinin qurulmasında və toxumla təminatda fermerlərə dəstək verilir, eləcə də taxıl istehsalçılar üçün əlavə subsidiyalar müəyyən edilib və dövlətin fermerlərdən taxıl alacağı elan edilib.
Bunun üçün ilk növbədə suya qənaət edən müasir suvarma sistemlərinin - pilot suvarmanın təşviqi, daha yüksək məhsuldarlıq üçün müasir texnologiyaları tətbiq edən istehsalçıların stimullaşdırılması nəzərdə tutulur. Belə ki, dövlət pilot suvarma sistemlərinin dəyərinin 40 faizini ödəyir, 60 faizi üçün güzəştli kredit ayırır.
Əlavə subsidiyalara gəlincə, ərzaqlıq buğda istehsalçıları həm əkinə, həm də məhsula görə subsidiya alacaqlar. Yəni pilot suvarma tətbiq edən istehsalçılara Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə 2023-cü ildən başlayaraq 5 il müddətinə məhsul subsidiyası ödəniləcəkdir.
Həmçinin ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyyən olunacaqdır. Yəni idxal olunan buğdanın qiyməti ölkədə istehsal olunan buğdanın qiymətindən ucuz olduqda, qiymət fərqinin yerli istehsalçılara ödənilməsi nəzərdə tutulur ki, bu da yerli istehsalçıların mənafelərinin müdafiəsi üçün vacibdir.
Digər tərəfdən mövcud tələblərə uyğun olan, yəni mülkiyyətindəki torpaq sahəsi 50 hektardan çox olan sahələrdə müasir suvarma sistemləri qurulmuş, əraziləri vahid massivdə yerləşən, istehsal etdiyi ərzaqlıq buğdanı dövlət tədarükü qiymətinə Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil vermək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə imzalamaq üçün müraciət etməlidirlər.
Əkin subsidiyası taxıl əkilmiş sahələrin miqyasına, hektarına görə verilir. Beləliklə, fermerlər əkin subsidiyası ilə yanaşı, dövlətə təhvil verdikləri ərzaqlıq buğdanın tonuna görə də əlavə olaraq məhsul subsidiyası alacaqlar.
Bununla yanaşı, Komitə sədri bildirir ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında bütün məsuliyyəti dövlətin üzərinə atmaq düzgün deyil.
Fermerlər də bu sahədə çalışmalı və onların atmalı olduğu addımlardan biri də torpaqlarını birləşdirməkdir: «Kiçik və orta sahibkarlar, taxıl istehsalçıları öz torpaqlarını birləşdirməklə geniş sahələrdə taxıl əkilməsini mütləq həyata keçirməlidirlər. Bu, sudan, texnikadan, digər resurslardan səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa, vaxta qənaət etməyə, sahələrin daha keyfiyyətlə, aqrotexniki qaydada becərilməsinə, məhsulun qorunmasına və vaxtında toplanmasına, pul gəlirlərinin artırılmasına imkan yaratmış olar. İri taxılçılıq təsərrüfatlarının əldə etdiyi nəticələr bunu deməyə əsas verir. Əgər iri təsərrüfatlarda hər hektardan 60-70 sentner götürülürsə, bu, kiçik təsərrüfatlarda 30 sentnerdən yuxarı olmur».