Şəmkirdə 100 hektar ərazidə yaradılması planlaşdırılan “Aqrar məhəllə” layihəsinin təqdimatı keçirilib.
FED.az xəbər verir ki, təqdimat mərasimində Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun iş adamları, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəmkir rayonunda göyərti istehsalı üzrə biznes inkubatorun yaradılması və inkişafına hədəflənən layihənin əhəmiyyəti barədə danışan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov layihənin həyata keçirilməsi üçün “Aqrar məhəllə”də yaradılmış şərait və perspektiv imkanlar barədə ətraflı verib.
Bildirilib ki, təqdim edilən layihənin məqsədi əhalinin həyat şəraitinin və məşğulluq səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, göyərti istehsalının yeni innovasiyalardan istifadə edilməklə genişləndirilməsi, vətəndaşlar arasında sahibkarlıq vərdişlərinin və özünüməşğulluq imkanlarının inkişaf etdirilməsidir. Layihə əsasında həyata keçiriləcək bütün proseslər Azərbaycanda kənd təsərrüfatının intensiv inkişafına, o cümlədən regional inkişafı dəstəkləmək missiyasına əsaslanır.
İcra hakimiyyətinin başçısı qeyd edib ki, layihə əsasən gənc ailələrin sahibkarlıqla məşğul olmasına imkan yaradacaq. “Aqrar məhəllə”də biri 10 sot olmaqla 1000 ədəd göyərti istilikxanası yaradılacaq. “Aqrar məhəllə”nin tərkibində topdan satış mərkəzi, ofis, laboratoriya, yeməkxana, xammal anbarı, çeşidləmə və qablaşdırma mərkəzi, buz istehsalı, göy qurutma və qablaşdırma sexi fəaliyyət göstərəcək.
Vurğulanıb ki, gələcəkdə yaradılması nəzərdə tutulan “Aqrar məhəllə”də ən az min ailə üçün yeni biznes imkanları yaradılacaq və onlar növündən asılı olmayaraq quraşdırılacaq istilikxanalarda göyərti istehsalı ilə məşğul ola biləcəklər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Kamil Yusibov da layihənin önəmindən danışıb.
Tədbir iş adamları və sahibkarların iştirakı ilə müzakirə formasında davam etdirilib. Görüşün sonunda “Aqrar məhəllə”nin inkişaf etdirilməsi imkanları haqqında təklif və tövsiyələr dinlənilib.