Azərbaycanda pambıq becərən fermerlər bir neçə aydır ki, gözlənilməz problemlə üzləşiblər.
Dekabrda 10 milyonluq pambıq lifi ixrac olunub
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bəzi pambıq şirkətləri fermerlərdən aldığı pambığın pulunu ödəyə bilmirlər.
Bu şirkətlərdən biri ölkənin ən böyük pambıq şirkətlərindən olan «P-Aqro» MMC-dir. Adətən intizamlığı ilə seçilən «P-Aqro» MMC bir neçə aydır ki, fermerlərdən aldığı pambığın pulunu ödəyə bilmir.
Xatırladaq ki, hazırda ölkədə formalaşmış praktikaya görə, pambıq emalı şirkətləri torpaq sahəsi olan fermerlərlə müqavilə bağlayaraq onun torpaq sahəsində pambıq əkininə dəstək verir, daha sadə desək, həmin torpaq sahəsində məhsul pambıq şirkətinin pulu ilə əkilir – bura şum, əkin işləri dərman gübrə və sair aqrotexniki qulluq kimi işlər aiddir. Sonradan pambıq yığılanda şirkətə satılır, şirkət pambığın pulundan indiyədək çəkdiyi xərcləri çıxaraq qalan vəsaiti fermerə ödəyir. Hazırda pambıq sektoru belə işləyir və bu hələlik pambıq sahəsində ən işlək mexanizmdir. Çünki əkinə pulu olmayan fermerə əkin biçin aparmağa və qazanmağa imkan verir, pambıq emalı şirkətləri isə onlara lazım olan xammalla təmin olunurlar.
Ötən ilədək bu sistem problemsiz çalışıb, yəni «P-Aqro» MMC ilə müqaviləsi olan fermerlər 2025-ci ilin sentyabr-oktyabr aylarında məhsul tədarük edərək ona təhvil veriblər. Amma ödənişlərdə problem yaranıb - fermerlər bildirir ki, müqavilədə nəzərdə tutulmuş ödənişləri hələ də ala bilməyiblər.
"Azərpambıq" son bir ildə ixracdan - 16 MİLYON DOLLAR İTİRİB
FED.az biznes və maliyyə xəbərləri portalına müsahibə verən «P-Aqro» MMC-nin baş direktorunun müavini İlham Səfərov bu problemlərin yaranma səbəblərini, ümumiyyətlə, pambıq sektorunda baş verən son prosesləri açıqlayıb.
Pambıq lifi ixracı 162 milyon dollar valyuta gətirib - GƏLİRLƏR 9% AZALIB
- İlham müəllim, fermerlər şirkətə verilmiş pambıqların ödənişlərini ala bilmədiklərini deyirlər. Ödənişlərin gecikməsinin səbəbi nədir?
- Biz - «P-Aqro» MMC olaraq artıq 8 ildir, 2018-ci ildən bəri fəaliyyət göstəririk. Bu 8 ildə bizim heç vaxt fermerlərin pullarının gecikdirilməsi kimi bir problemimiz olmayıb. Amma 2025-ci ildə dünyada pambığa tələböat və onun qiyməti aşağı düşməyə başlayıb. Ona görə də pambığı satmaq çətinləşib, nəticədə gözlənilən gəlirlərimiz azalıb və bu da fermerlərin ödənişlərinə təsir edib.
Söhbət sadəcə fermerlərin ödənişlərinin gecikməsindən getmir. Bizim şirkət olaraq zavodlar, məntəqələr, işçilərin əməkhaqqı, texnikanın hərəkətə gətirilməsi üçün dizel yanacağı, sürtkü yağları və s. illik xərclərimiz 1,6 milyon manatdır. Biz də məcbur oluruq ki, daha vacib ödənişləri növbəli şəkildə daha tez həyata keçirək.
- İndiyədək pambığın satışı və fermerlərə ödəniş prosesi necə baş verirdi?
- Bundan əvvəl dünyada və regionda pambıq qiymətləri stabil idi, xarici alıcılar tərəfindən pabığa təlabat yaxşı idi. Buna görə də onlar bizim şirkətə etibar edib əvvəlcədən müqavilələr bağlayırdılar. Məsələn, hər ilin sentyabr-oktyabr aylarına bizə 1 min ton, 2 min ton pambığın pulunu əvvəlcədən ödəyirdilər, gözləyirdilər ki, növbəti aylarda məhsullarını verəcəyik. Biz də əvvəlcədən gələn həmin pullarla fermerlərdən aldığımız pambıqların hesablarını aparır və fermerlərin pulunu verirdik, heç kim də narazı qalmırdı.
- Bəs bu il nə baş verdi ki, belə vəziyyət yarandı?
- Bu il dünyada və regionda pambıq bolluğu var, eyni zamanda müxtəlif səbəblərdən təbii pambığa tələbat azalıb, nəticədə həm satışlar azalıb, şəm qiymətlər aşağı düşüb.
Baxın, bizim əsas, ənənəvi alıcımız, həm məsafənin yaxınlığına görə, həm ödəmə potensialına görə Türkiyənin tekstil şirkətləridir. Hazırda həmin şirkətlər acınacaqlı vəziyyətdədir. Çünki Türkiyənin ənənəvi tekstil bazarı – təxminən 600 milyonluq dollarlıq bazar, hazırda Ukrayna-Rusiya müharibəsi ilə məşğuldur. Rusiya, Ukrayna, Belarus, Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan kimi ölkələr Türkiyənin ənənəvi iplik və parça alıcıları idi. Buna görə Türkiyədə də istehsal kəskin şəkildə azalıb və buna bağlı olaraq alıcılıq qabiliyyəti və xammala tələbat da azalıb. Alıcılıq azaldığına görə də qiymətlər ucuzlaşır, tələb təklifi formalaşdırır.
- Fermerlərə ödənişlərdə problemlər nə vaxtdan başladı?
- İxracla bağlı problemlər ötən ilin yay aylarından başladı. Ödənişlərlə bağlı problemlər isə yığım başlayandan 2-3 ay sonra ortaya çıxdı, yəni fermerlərin borclarını sıfırlayıb, ödəniş olunmalı ərəfədə. Noyabr ayından etibarən ödənişlərdə problemlər yaranmağa başladı. Ödənişlərlə bağlı problemlər bütün şirkətlərdə eynidir.
- İlham müəllim, indi pambığın alış qiyməti hansı həddədir, və maya dəyərinə baxanda bu sərfəlidirmi?
- Pambığın maya dəyəri 1 ton üçün təqribən 1400 dollaradır. Amma indi tələbin az olması və təkliflərin çox olması səbəbindən maya dəyəri 1 400 dollara başa gələn bir ton mahlıcı bizdən 1 250 dollara almağı təklif edirlər - 150 dollar zərərlə bunu satmaq mümkün deyil.
Çünki hər bir kommersiya şirkəti kimi bizim şirkət də gəlir əldə etmək, gəlirlərdən dövlətin vergilərini ödəmək, şirkətin cari xərclərini – texnika parkını təzələmək, ehtiyat hissələri almaq, enrji ödənişlərini etmək, işçilərin əməkhaqqlarını ödəmək və s. kimi xərcləri təmin etmək vəzifəsi var. Bizim 4 min fermerimiz (yəni bizimlə müqayiləsi olan), 1 200 əməkdaşımız var, yəni bizim şirkətdən 5200 ailə dolanır.
- «P-Aqro» şirkəti fermerlərin pullarını nə vaxta ödəyib qurtaracaq?
- Bunu əvvəlcədən proqnozlaşdırmaq çətin məsələdir, çünki bəzi hallarda gözləntilər alınmır. Məsələn, bizim Türkiyənin Kahramanmaraş bölgəsindən böyük bir alıcımız var. Ötən həftənin üçüncü günü Azərbaycanda olmalı idi və 2 min ton məhsul almalı idi. Bu şəxs ödəyici kimi də çox imkanlı ödəyicidir. Son anda baş verən ailəvi problemlərinə görə, həmin şəxs gələ bilmədi.
Fermerlərin ödənişlərinə gəlincə, biz proqnozlaşdırmışdıq ki, yanvar ayının 26-a qədər minimum ödənişlərin 50%-ni ödəyəcəyik və fevralın sonuna qədər də ödənişləri bitirəcəyik. İndi hər həftə pulun 20%-ni ödəməklə davam edirik.
Fermerlərin içərisində xəstə olanları, qazilər, şəhid ailələri var ki, bu şəxslərin ödənişlərini daha qabağa çəkirik. Hər həftə fermerlərə ödənişlər olunur. Ödəmələr dayanmayıb, sadəcə mərhələli şəkildə həyata keçiririk. Ödəməli olduğumuz məbləğin hər həftə 20%-ini ödəyə bilirik.
Düşünürəm ki, fevralın sonuna qədər ödənişləri bitirəcəyik və bitirməliyik. Çünki fermerlərlə yeni müqavilələr bağlamalıyıq, onların inamını yenidən qazanmalıyıq, aramızda olan partnyorluq münasibətləri bərpa olunmalıdır. Çətinliklər var, amma aradan qaldırılacaq.
- Qayıdaq dünya bazarında pambığın qiymətlərinə, pambıq mahlıcının satışında problemin yaranmasının səbəbi nədir? Siz dediniz təklif artıb, alıcılar azalıb, bu nə ilə bağlıdır?
- Bu problemlərin başlıca səbəbi təbii pambığa tələbin azalmasıdır. Hazırda dünyada süni liflər də istehsal olunur və artıq bu liflər təhlükəsiz, allergiya verməyən dərəcəyə gətirilib ki, nəticədə təbii pambıq lifləri süni liflərə uduzur.
Çünki təbii - yəni pambıqdan olan ipliyin hazırlanması uzun və çətin prosesdir, maya dəyəri də bahadır. Süni ipliklərin isə maya dəyəri xeyli ucuzdur. Belə vəziyyətdə qiymətin nisbətən baha olması təbii pambıq ipliyinə tələbi kəskin şəkildə azaldıb. Tələbin azalması da qiymətin aşağı düşməsi ilə nəticələnib, Mən bizim əsas alıcının Türkiyə olduğunu qeyd elədim, Məsələn, Türkiyəyə illik 500 min ton pambıq mahlıcı lazımdır. Amma hazırda Türkiyənin özündə istehsal olunan, eləcə də bizim ölkədən, Tacikistandan, Yunanıstandan, Braziliyadan, Amerikadan 800-900 min ton təklif var. Təklif çox olanda və tələb az olanda qiymətlər də aşağı düşür. Dediyim kimi, maya dəyəri 1400 dollara olan pambığın tonu 1250 dollara düşüb.
- İlham müəllim, Azərbaycan istehsalı olan pambıq mahlıcının qiyməti niyə bahalaşıb?
- Baxın, ötən ilin avqust ayında dizel yanacağının qiyməti 25%, bu il isə 10% artdı – ümumilikdə litrin qiyməti 80 qəpikdən 1,1 manata yüksəldi. Bundan başqa, biz gübrələri əsasən Rusiyanın “Evroxim” şirkətindən alırıq - onlar da müharibəyə və sanksiyalara görə, qiymətləri 20-25% artırıblar. Dərmanlar isə əsasən Türkiyədən alınır ki, burda da lirənin dollar qarşısında ucuzlaşmasına görə, dərman qiymətləri təxminən 15% bahalaşıb. Yəni qiymətlər bizdən asılı olmayan səbəblərdən artır, bizim göstərdiyimiz xidmətlərə görə, qiymətlərdə bir qəpik belə bahalaşma yoxdur.
Məhsulun keyfiyyəti ilə bağlı isə heç bir porblem yoxdur. Bu il pambıq ilidir, ötən ilin sentyabr-oktaybr aylarında yağıntı olmadığına görə, pambıq boldur. Biz 58 min ton pambıq yığmışıq, bundan əvvəlki illərdə təxmini 50 min ton yığırdıq.
- Ümumiyyətlə «P-Aqro» fermerlərlə necə işləyir, əkin biçimn xərcləri necədir, yığılan pambığın pulu necə bölüşdürülür?
- Fermerlərin 98%-inin bütün xərclərini biz ödəyirik. Belə ki, şumu öz texnikamızla biz edirik, su pulu, alaq pulunu, toxumun pulunu da biz veririk, toxumu da öz texnikamızla biz səpirik. Hətta hətta əvvəlki illərdə fermerin icarəyə götürdüyü torpağın icarə pulunu da vermişik. Demək istəyirəm ki, bizim partnyorumuz olan fermerin torpağında bütün işlərin xəcrlərini biz qarşılayırıq. Ortalama olaraq 1 hektar əraziyə 1 000-1 200 manat xərc gedir. Daha sonra bitki yetişəndə, pamsbığı da öz texnikamızla yığırıq və məhsulu traktorlarımızla öz məntəqələrimizə daşıyırıq. Yığıma qədər çəkilən bütün işlərin xərcini fermerə borc kimi veririk. Fermer də məhsulu təhvil verəndə, hər 1 ton üçün 800 manat qiymətlə borcdan silirik. Borc silinib qurtarandan sonra əlavə olaraq nə yığılıbsa, onu fermerin pambığı kimi özümüzə borc yazırıq. Bu sosial bir layihədir, kənd yerində insanların məğulluğu, insanların gəlir əldə etməsi və s. məqsədi daşıyır.
- Fermerdən bir tonu 800 manat alınan məhsulun maya dəyəri nə qədər olur? Bunun üçün nə qədər xərc çəkilir?
- Məhsulun maya dəyəri hektar üzrə məhsuldarılığa əsasən hesablanır. Bizim şirkət üzrə məhsuldarlığımız bu il 1 hektar üçün 36 sentner - yəni 3,6 ton olub. 1 hektara da rayondan, torpaqdan – gübrənin çox və ya az işlənməsindən asılı olaraq 1000-1200-1400 manat civarında xərc sərf edilir. Bu o deməkdir ki, yığılan məhsulun yarısı fermerin xərcinə gedir, qalan yarısı isə onun gəlirdir.
Biz fermerlərə bir çox güzəştlər edirik, məsələn, nəmlik və zibillilik göstəricilərinə görə, 4 növ xam pambıq var. Birinci və ikinci növ pambıq az olur – cəmi 10%. Qalan pambıq isə ya çox zibilli, ya çox nəmli olur. Biz üçüncü, dördüncü sortu da fermerə güzəştə gedib birinci növ kimi qəbul edirik. Birinci, ikinci növ ilə üçüncü, dördüncü növ pambığın bir tonunda 70-100 manat fərq var.
- Bu problem, yəni pambığın satılmaması, ucuzlaşması fermerlərə ödənişlərinin gecikməsindən başqa sizin üçün hansı çətinliklərə səbəb olur?
- Biz bütün məhsulları – toxumu, gübrəni, dərmanları, yanacağı, ehtiyat hissələrini və s. tədarük edirik. Bizim tədarükçü partnyorlarımız - əsas da Türkiyə şirkətləri bizə müəyyən güzəştlər edirlər. Bizi çox sıxışdırmırlar ki, borcunuzu ödəyin. Hissə-hissə ödəniş edirik və yeni mövsümdə də fəaliyyət göstərmək üçün dəstək olurlar. Amma Rusiya şirkətləri ilə bu məsələ alınmır, onlar məhsulun əvvəlcədən ödənişini istəyirlər. Bunun da hazırda alternativi var, gübrəni SOCAR-ın Karbamid Zavodundan tədarük edirik. Ötən il məhsulun bir hissəsini alıb, istifadə etdik, çox da gözəl nəticələr verir. Bu il də gübrələrin 80 – 90%-ini buradan alacağıq.
- Qeyd etdiniz ki, Azərbaycan pambığının əsas alıcısı Türkiyə şirkətləridir. Bəs digər ölkələrdən Türkiyəyə ixrac necədir, onların satış qiymətləri fərqlənir?
- Burada bir çox faktorlar rol oynayır. Məsələn, Azərbaycandan Türkiyəyə məhsulun bir tonunu TIR-lar 70 dollara daışıyır. Tacikistandan isə hər tonun daşınması 120 dollara başa gəlir. Bundan əlavə, Tacikistanda pambığın böyük əksəriyyəti əl yığımıdır və orada iqlim bir az fərqlidir, bu da həmin pambığtın maya dəyərini artırır.
Əvəzində onların pambığı bizim pambıqdan bir cəhətdə üstündür – onların pambığında lifin uzunluğu bizimkidən daha uzun və daha incə olur. Həmin pambıqdan daha yüksək keyfiyyətli iplik almaq olur. Yol uzaq olduğu, logistikanın çətin olduğu üçün onlar həmin pambığı elə nizamlayır ki, onların pambığı Türkiyədə bizim və Amerika-Braziliya pambığı ilə rəqabət aparır.
- Hazırda bazarda ən ucuz pambıq mahlıcını hansı ölkə təklif edir?
- Hazırda ən ucuz pambıq ixrac edən ölkə Qazaxıstandır. Çünki Qazaxıstan elə bir yerdə yerləşir ki. Onun Çinə çıxışı var, amma Çinin tələbləri yüksək olduğu üçün onlar bu ölkəyə pambıq mahlıcı sata bilmir, əsasən Rusiyaya ixrac edirlər. Qazaxıstan pambığı Rusiyaya bizdən 100 dollar daha ucuz satır, amma Qazaxıstanda fərqli məqam da var. Belə ki, bizdə 2 il bundan əvvəl bir ton xam pambığın fermerlərdən alış qiyməti 800 manat razılaşdırılıb. Yəni dünyada qiymətlər düşsə də, dövlətin sosial layihəsinə dəstək məqsədilə şirkətlər qiymətləri aşağı salmadılar.
Qazaxıstanda isə xam pambığın alış qiymətini mahlıcın birja satış qiymətinə indeksasiya edirlər, yəni fiks qiymət yoxdur, pambığın fermerlərdən alış qiyməti birjadakı qiymətlən asalı olaraq dəyişir. Birjada qiymət düşsə, fermerlərdən alış qiymətləri də azalır, nəticədə maya dəyəri «oynayır».
- Qiymətlərin düşməsi fonunda bu üsulu Azərbaycanda da tətbiq etmək olarmı?
- Bizdə bu bir az çətin məsələdir. Çünki həm sosial layihədir, həm də yanacaq, gübrə, dərman qiymətlərnin artmasına görə, bu mümkün deyil. Biz əgər alış qiymətlərini azaltsaq fermerlər demək olar heç nə qazanmayacaq. Çəkilən xərclə təhvil verdiyi pambıq başa-baş gələcək. Orada fermerə qəpik-quruş qalacaq ki, bundan sonra da heç kim pambıq əkmək istəməyəcək. Bizim özümüzün isə torpağımız yoxdur. Buna görə də, fermerlərlə müqavilələr bağlanır.
- İndi dünya bazarında hansı ölkələrin pambığı daha ucuz satılır?
- Ən böyük pambıq ixracatçıları Amerika Birləşmiş Ştatları, Braziliya, Hindistan, Avstraliya, Türkiyə kimi ölkələrdir. Bu ölkələr həm istehsal, həm də ixracla məşğuldurlar. Ən çox pambıq idxal edən ölkələr isə Çin və Türkiyədir.
Qiymətləri birbaşa müqayisə etmək olmaz. Çünki pambığın sortları və göstəriciləri fərqlidir. Məsələn, Misirdə yetişən pambıqda lifin uzunluğu 40 millimetr, nazikliyi 2,5 mikrondur. Bizdə lifin uzunluğu 29 millimetr, qalınlığı isə 5 mikronerdir.
Emal üsulu, toxum, iqlim, yetişdirilmə üsulu və hansı sahədə istifadə olunmasına görə, qiymətlər dəyişir. Pambıq fərqli sahələrdə istifadə olunur - ondançay dəsmalından tutmuş, ən keyfiyyətli köynəklərə qədər hazırlamaq olur.
Bizim pambıqlar əsasən əl-üz dəsmallarının hazırlanmasında və Amerika, Braziliya pambığı ilə qatıb bir az daha incə ipliklər ala bilirlər ki, bunu da yataq dəstlərində, işçi paltalarında və s. istifadə edirlər.
- Azərbaycan pambığına həm qiymət, həm də keyfiyyət baxımından ən çox oxşar olan ölkələr hansılardır?
- Bizim rəqibimiz eyni keyfiyyətə və bazar yaxınlığına görə, Qazaxıstan və Türkiyənin Urfa bölgəsində olan pambıqlardır. İzmir, Adananın pambığı isə daha keyfiyyətlidir. Amm Türkiyədə pambıq daha çox olur, buna heç rəqabət demək olmaz. Bizdə istehsal olunan 100 min ton mahlıc Türkiyə bazarının cəmi 5%-dir. Bizim əsas alıcılar Türkiyədir, çünki logistika asandır, yol xərci azdır və risksizdir. Amma Rusiyadan və Pakistandan da bizim pambığı istəyənlər var. Bizdən Türkiyəyə TIR-lar 1 ton məhsulu 70 dollara, Rusiyaya isə 120-130 dollara aparır.










