Azərbaycanda indiyədək nisbətən sabit sektor sayılan pambıq emalı şirkətləri ciddi problemlə üzləşiblər.
Pambıq şirkəti: «Fermerlərin pulunu ödəyə bilmirik, pambıq ucuzlaşıb, ixracı çətinləşib» - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son aylar Azərbaycanda yığılan pambığın xaricə satışı faktiki olaraq dayanıb. Buna səbəb dünya və region bazarlarında pambıq təklifinin artması və qiymətlərin aşağı düşməsidir. Nəticədə Azərbaycanda ilkin emal olunan pambıq mahlıcının maya dəyəri 1400 dollar olduğu halda bu məhsulun əsas alıcı olan Türkiyə bazarında qiymət 1250 dollara enib.
Azərbaycan şirkətləri məhsulu bu qiymətə, yəni zərərinə satmaq istəmədiklərinə görə, ölkədən pambıq ixracınrda problem yaranıb. Gəlirdən məhrum olan şirkətlər pambığı aldıqları fermerlərin pullarını ödəyə bilmir, eləcə də digər ödənişlərini həyata keçirməkdə çətinlik çəkirlər.
Xatırladaq ki, pambıq Azərbaycanın ixracında ciddi yer tutur – hər il xaricə 100 milyon dollara yaxın pambıq ixrac edir, İndi bu proses təhlükə altındadır.
FED.az xəbər verir ki, yaranmış vəziyyətlə bağlı pambıq tədarükü şirkətləri hökumətdən kömək istəyirlər. Belə ki, 2025-ci ilin dekabrında aparıcı pambıq şirkətləri Azərbaycanın baş naziri Əli Əsədova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edərək onlardan bu vəziyyətdə kömək istəyiblər.
Müraciətdə deyilir ki, bu il Azərbaycanda 100 min hektar sahədə pambıq əkilib və buradan 355 min ton pambıq tədarük edilib. Amma tekstil sahəsində davam edən böhran nəticəsində, Azərbayan pambığının əsas alıcısı olan Türkiyənin tekstil şirkətlərinın bir hissəsi fəaliyyətlərini dayandırıb və ya azaldıblar. Nəticədə bazarda pambıq artıqlığı yaranıb və pambığın qiyməti aşağı düşüb. Bu da fermerlərdən alınmış xam pambığın dəyərinin ödənilməsində və digər öhdəliklərin yerinə yetirilməsində gecikmələrə səbəb olub.
Müraciəti Azərbaycanın 8 ən böyük pambıq emalı şirkətlərinin - «Prime Cotton» MMC, «P-AQRO» MMC, «Aztəsərrüfat» MMC, «Aqro-Az» MMC, «Cotton Trade» MMC, «Kürdəmir Pambıq» MMC, «APEKS Agro» MMC, «Goran Cotton» MMC, eləcə də Pambıq İstehsalçıları Assosiasiyasının sədri rəhbərləri imzalayıb.
Artıq hökumətdə bu müraciətlə bağlı, pambıq şirkətlərinə necə dəstək verilməsi ilə bağlı müzakirələr başlayıb.
Belə ki, artıq Prezident Administrasiyası tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə bu sahə ilə tapşırıly verilib və Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli bu sektorda fəaliyyət göstərən şirkətlərlə görüş keçirib.
Bəs pambıq şirkətləri hökumətdən hansı dəstəyi istəyirlər? Dövlət bu vəziyyətdə pambıq şirkətlərinə necə kömək edə bilər?
Müraciəti imzalayan şirkətlərdən biri - «P-Aqro» şirkətinin baş direktorunun müavini İlham Səfərov FED.az biznes və maliyyə xəbərləri portalına bildirib ki, pambıq şirkətləri hökumətdən pambığın satış qiyməti ilə maya dəyəri arasındakı fərqi ödəməyi və ya buna bənzər formada kömək istəyirlər.
«Biz hər hansı güzəştlər istəmirik ki, qiymətlər aşağı salınsın, vergidə və ya başqa sahədə güzəştlər olunsun. Bizim təklifimiz odur ki, məsələn, hazırda qiymətlər kəskin şəkildə aşağı düşüb, bizim məhsulun maya dəyəri 1 400 dollardır. Planlaşdırırıq ki, heç olmasa tonunda 100 dollar gəlir olsun ki, həm xərclərimizi ödəyək, həm də gələcək planlarımızla bağlı yenilənmələr edərk, vergiləri və s. ödənişləri edək.
Təklif edirik ki, qiymətlər stabilləşənə qədər dövlət bizə dəstək versin. Hazırda məhsula 1 250 dollardan tələb var, bu qiymətə satmaq olar, amma maya dəyəri 1400 dollar olduğuna görə, biz pambığı 1250 dollardan satım 150 dollar zərər etmək istəmirik. Təklif edirik, bir qiymət müəyyən edilsin, məsələn, 1 500 dollar. Bir fond yaradılsın həm nəzarət, həm də yardım etsin. Məsələn bu gün şirkətimiz 2 min ton məhsul satır, 1 250 dollardan almağa hazır olan müştəri var. Fonda müraciət edib alıcım olduğunu bildiririk, alıcı ilə müqaviləni bağlayıb, fondla razılaşdırırıq. Şirkət məhsulu 1 250 dollardan satıb ödənişi alır, müəyyən edilmiş 1 500 dollardan yerdə qalan 250 dolları isə dövlət borc şəkilində şirkətə versin. Yəni məsələn 2 min ton məhsul üçün hökumət hər tona görə pambıq şirkətlərinə 250 dollar borc ayırsın. Bazarda qiymətlər 1 500 dollara çatanda və ya daha baha olanda həmin fond gəlirli satışlardan borcları hissə-hissə geri alacaq. Burada əsas məqsəd sektoru qorumaqdır».
İlham Səfərov FED.az-a bildirib ki, təklif olunan 250 dollarlıq məbləğin pambıq şirkətlərinə yalnız borc şəkildə verilməsi vacibdir: «Çünki kompensasiya kimi verilsə, şirkətlər dəyər-dəyməzə məhsulu satar ki, qalan hissəni dövlət verəcək. Amma borc şəkilində olsa, şirkət bilir ki, bu geri qaytarılmalıdır. Bunu da uzun müddətli, aşağı faizli və ya faizsiz kredit, dotasiya formasında verməlidir».
Şirkət rəsmisi hesab edir ki, bu üsul hökumətin gücü çatan variantdır: «Azərbaycanda il ərzində ixraca 100 min ton mahlıc gedir. Bu 100 min ton mahlıc fond tərəfindən bir il ərzində 250 dollar borcla ixrac edilsə, 25 milyon dollar, yəni təx=minən 42 milyon manat edir. Bir il ərzində bu sektora 42 milyon manat dövlət dəstəyi çox deyil. Müqayisə üçün deyim ki, fermerlərə subsidiyalara hər il dövlət büdcəsindən 55 milyon manat pul ayrılır».
İlham Səfərovun sözlərinə görə, pambıq tədarükü və emalı sektoru iqtisadiyyatın əsas hissəsi, eləcə də kənd təsərrüfatının inkişafı, kənd əhalisinin məşğulluğu və sosial layihə deməkdir.
Xatırladaq ki, hazırda Azərbaycanın pambıq tədarükü sektorunda irili-kiçikli 15 ədəd şirkət fəaliyyət göstərir, bu şirkətlərdə 20 min fermer, 12 min işçi çalışır: «Bu, böyük bir layihədir, dövlət bu layihəyə külli miqdarda pul xərcləyib. Bu sahənin bərpa olunması üçün 100 milyonlarla pul xərclənib. İlk çətinlikdə bu sektoru qoyub getmək olmaz. Olmayacaq da, dövlət bu işlə ciddi məşğuldur. Belə hal heç vaxt olmayıb, qısa şəkildə olub ki, heç şirkətlər onu hiss etməyib».
Pambıq sahəsində bu vəziyyət davam etsə, hazırda pambıq əkini ilə məşğul olan fermerlərin bir hissəsi bu bitkini əkməyi dayandıracaq. Pambıq İstehsalçıları Assosiasiyasının sədri Fərid Firidunov FED.az-a bildirib ki, pambıq istehsal edən ölkələrin istehsalı artır, idxal edən ölkələr isə idxalı azaldır: “Bu da, yalnız Azərbaycana deyil, bütün ölkələrə ciddi şəkildə təsir edir. Braziliya 3 milyon ton xam pambıq istehsal edir ki, bunun da 80%-dən çoxunu ixrac edir”.
Fərid Firidunov bildirir ki, yaxın 2 ildə qiymətlərin ucuzlaşmasının davam edəcəyi gözlənilir. Bu baş versə, və vəziyyət dəyişməsə, Azərbaycanda pambığa maraq və əkin sahələri azalacaq: “Bu il Azərbaycanda pambığın ən yüksək məhsuldarlığı oldu, fermerlər hektar başına kifayət qədər pul qazandılar. Digər tərəfdən mahlıc istehsalçılarının vəziyyəti çətindir. Əgər dövlətin dəstəyi olmasa, bu il də olmasa, gələn ildən etibarən əkin sahələrinin azalmasını gözləmək olar».




![[red]Pambıqda «qırmızı işıq» yandı! – «Maya dəyəri $1400 olan pambığın qiyməti $1250-ə düşüb - MƏHSUL SATILMIR - ŞİRKƏTLƏR BAŞ NAZİRDƏN KÖMƏK İSTƏYİR - TAM MƏTN[/red] | FED.az](upload/news/small/2226728.jpg)
![[red]Pambıqda «qırmızı işıq» yandı! – «Maya dəyəri $1400 olan pambığın qiyməti $1250-ə düşüb - MƏHSUL SATILMIR - ŞİRKƏTLƏR BAŞ NAZİRDƏN KÖMƏK İSTƏYİR - TAM MƏTN[/red] | FED.az](upload/news/small/3959596.jpg)







