Qoyunçuluq sektoru da proqramda xüsusi yer tutur. 2030-cu ilə qədər qoyun əti istehsalının azı 9 faiz artırılması, heyvanların sayının 10 faiz yüksəldilməsi, özünütəminetmə səviyyəsinə nail olunması nəzərdə tutulur.
Seymur Səfərli: "Qoyunçuluğun inkişafı üçün 300 yeni təsərrüfat yaradılacaq"
FED.az xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Onun sözlərinə görə, bu istiqamətdə 300 yeni yarım-intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır ki, bu da, ənənəvi qoyunçuluqdan daha məhsuldar və daha idarəolunan modelə keçid deməkdir.
“Eyni zamanda 10 yun toplama məntəqəsi və 1 yun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu, qoyunçuluqda əlavə dəyərin formalaşdırılması baxımından çox vacibdir. Biz yalnız ət istehsalını deyil, yun, dəri və digər yan məhsulların da iqtisadi dövriyyəyə cəlb olunmasını təmin etməliyik. Yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması qoyunçuluq üçün də əsas məsələdir.
Bundan başqa, 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur. Otlaqların bərpası heyvandarlığın davamlılığı üçün zəruridir. Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür”, - deyə Zaur Əliyev vurğulayıb.
Heyvanlar üçün içməli su təminatının yaxşılaşdırılması məqsədilə 100 subartezian quyusunun qazılmasının dəstəklənməsinin də nəzərdə tutulduğunu deyən nazir müavini bunun xüsusilə yaylaq-qışlaq sistemi, yarımintensiv təsərrüfatlar və su çatışmazlığı olan ərazilər üçün mühüm dəstək olduğunu sözlərinə əlavə edib: “Qoyunçuluq sahəsində xarici investisiyaların cəlb edilməsi üçün aqroparkın yaradılması da nəzərdə tutulur. Bu, sektorun müasir idarəetmə, texnologiya və bazar imkanları ilə inkişafına töhfə verə bilər. Bu Dövlət Proqramının uğurlu icrası üçün bütün tərəflərin üzərinə ciddi vəzifələr düşür. Sahibkarlar və özəl sektor da bu prosesdə daha fəal olmalıdır. Silo, soyuducu anbar, emal müəssisələri, süd toplama məntəqələri, yun toplama və emal infrastrukturu, intensiv bağçılıq və heyvandarlıq təsərrüfatları üzrə investisiya imkanları genişdir. Dövlət dəstək mexanizmləri bu investisiyaların həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Nəticə etibarilə, 2026–2030-cu illər üçün Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu proqramın əsas mahiyyəti ondan ibarətdir ki, biz daha çox torpaqdan istifadə etməklə deyil, mövcud torpaqdan daha səmərəli istifadə etməklə məhsuldarlığı artırmalıyıq”. (Azərtac)














