AMEA Lənkəran Regional Elmi Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran çay filialı ilə birgə çay və sitrus bitkilərinin müxtəlif növləri üzərində elmi tədqiqat işləri aparıb. Məqsəd yerli şəraitdə az yayılmış növlərin morfoloji, bioloji və təsərrüfat əhəmiyyətinin qorunması, keyfiyyət göstəricilərinə görə yeni növlərin seçilməsi və yaradılmasıdır.
Mərkəzin bağında uzun müddət aparılan sınaqlar nəticəsində bir müddət öncə yeni çay növü yetişdirilmişdi. İndi isə elmi tədqiqatlar zamanı yeni limon növü əldə olunub. Yeni yaradılan limon növü yüksək keyfiyyət göstəricilərinə görə digər limonlardan seçilir.
“Lənkəran meyeri” (“Meyer ağçiçək”) adı verilən yeni limon növü yüksək məhsuldarlığına, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlülüyünə görə ənənəvi limon növlərindən fərqlənir.
Yeni limon növünün yetişdirilməsi aqrotexniki qulluq az tələb etdiyindən ucuz başa gəlir, məhsulvermə qabiliyyəti isə digərlərindən 40-50 faiz çoxdur.
Gələcəkdə “Lənkəran meyeri”nin artırılaraq təsərrüfatlara verilməsi ölkəmizdə bu sahənin inkişaf etdirilməsinə, sitrus bitkilərindən yüksək məhsul götürülməsinə imkan yaradacaq.
Elmi Mərkəzin direktoru, professor Fərman Quliyev bildirib ki, bu ilin sonuna kimi daha bir yeni sitrus meyvə növünün - "Lənkəran karlisi" tezyetişən naringi növünün yetişdirilməsi də nəzərdə tutulub.