Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində media üçün təqdimat keçirilib.
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında yaradıldığını bildirib. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Dövlət Fitosanitar Xidməti, Aqrar Elm və İnnovasiya Mərkəzi) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə, 68 növ xidmət göstərilir. Lənkəran DAİM-in əməkdaşlarının sayı 58 nəfərdir. Mərkəzin inzibati binasının 1464 kvadratmetr sahəsi var, bundan başda, 240 kvadratmetr ərazidə yardımçı tikililər yerləşir. Üç mərtəbəli binada 39 otaq var.
Anar Hüseynov qeyd edib ki, Lənkəran DAİM-də bir laboratoriya və mərkəz fəaliyyət göstərir. Lənkəran Regional Aqrokimya Laboratoriyası əkinəyararlı torpaqların aqrokimyəvi tədqiqatlarını, pasportlaşmasını və kartoqramların hazırlanmasını həyata keçirir. Lənkəran Regional Toxum Sertifikatlaşdırma Mərkəzində isə toxumluq əkinlərin aprobasiyası təşkil edilir, toxumların keyfiyyət göstəriciləri müəyyənləşdirilir və sertifikatlaşma həyata keçirilir.
Nazirlik rəsmisinin sözlərinə görə, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nəzdində Fermer və Koordinasiya Şuraları da yaradılacaq. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri yerlərdə problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya Şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.
Təqdimat çərçivəsində media nümayəndələri Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış şəraitlə tanış olublar.