Son illərdə ölkəmizdə xam pambıq istehsalı 6 dəfədən çox artıb. Bu isə demək olar ki, əkin sahələrinin genişləndirilməsi hesabına baş verib. Yəni artım ekstensiv istehsal əsasında reallaşıb. Əlbəttə ki, burada dövlət tərəfindən hər kiloqrama 10 qəpik subsidiya verilməsini, zavodlar tərəfindən alış qiymətinin yüksəldilməsini və fermerlərin bu sahəyə artan diqqətini də qeyd etmək lazımdır.
FED.az xəbər verir ki, bunu ekspert Cəfər İbrahimli deyib.
Onun sözlərinə görə, cari ildə 130 min hektar pambıq əkini aparılıb və orta hesabla hər hektardan 2 ton olmaqla, 260 min ton xam pambıq yığılacağı proqnozlaşdırılır. 2017-ci ildə isə hər hektardan təxminən 1,5 ton pambıq yığılmışdı. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin son iclasında hər hektarda məhsuldarlığın ən azı 20 sentnerə çatdırılmasının vacibliyini bildirib. Dövlətimizin başçısı pambıqçılıqda məhsuldarlığın intensiv üsulla artırılmasının vacibliyini vurğulayıb.
“Hər hektarda becərilən pambığın maya dəyəri bugünkü alış qiymətlərini nəzərə alsaq, 1,6-1,8 ton pambığın dəyərinə bərabərdir. Ona görə də əlavə dəyər yaratmaq baxımından hektardan ən az 2 ton pambıq becərilməsi çox vacibdir”, - deyən Cəfər İbrahimli qeyd edib ki, yüksək məhsuldarlığın təmin olunması üçün aqrotexnika qaydalara əməl olunmasına baxmayaraq, məhsuldarlığı aşağı olan rayonlarda pambıqçılıq ərazilərinin azaldılması nəzərdən keçirilməlidir. Bu regionlarda daha məhsuldar bitkilərin əkilməsi ümumi inkişafın xeyrinə ola bilər.
Cəfər İbrahimli bildirib ki, mövcud iplik və toxuculuq fabrikləri ilə yanaşı, Mingəçevir Sənaye Parkında da belə müəssisələrin işə salınması daxili tələbatı artıracaq, pambıq xam məhsul kimi deyil, emal olunmuş yarımfabrikat və hazır məhsul şəklində ixrac olunacaq. Yaranan əlavə dəyər zənciri çərçivəsində bu məhsulun ixracından valyuta daxil olmaları da artacaq.
“Nəzərə alsaq ki, qonşu ölkələrdən Türkiyə və Rusiyanın pambıq və pambıq məhsullarına ciddi tələbatı var, növbəti illərdə də pambıq və pambıq məhsullarının satışında hər hansı çətinlikləri olacağı gözlənilmir”, - deyə ekspert qeyd edib.