Kürdəmirdə heyvandarlıq və quşçuluq sektorlarının keyfiyyətli yemlə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Rayon icra hakimiyyətindən bildirilib ki, Karrar, Pirili kəndlərində ilk dəfə olaraq 200 hektar sahədə soya əkilib və fermerlər bol məhsul yetişdirməyə nail olublar.
Soya heyvandarlıq və quşçuluq üçün əvəzedilməz yemdir. Yaxın günlərdə məhsulun toplanılmasına başlanılacaq. Bitkilərə vaxtında aqrotexniki qulluq edildiyindən sahələrdən bol məhsul gözlənilir. İlk dəfə rayonda soya yetişdirən fermerlər məhsuldarlığın belə olacağını gözləmirdilər.
Məhsulun satışında heç bir problem olmayacaq. Satış zamanı 1 ton soya məhsuluna 1000 manatdan bir qədər artıq pul ödəniləcək ki, bu da fermerlər üçün olduqca sərfəlidir.
Qeyd edək ki, dövlət tərəfindən ayrılan subsidiyalar hesabına kənd təsərrüfatı məhsullarının əkin sahəsini ildən-ilə genişləndirən kürdəmirli fermerlər 2018-ci ildə soya istehsalını iki dəfə artırmağı qarşıya məqsəd qoyublar.