Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu il oktyabrın 2-22-də Bakıda keçirilmiş arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasına 95 tondan çox arıçılıq məhsulu çıxarılıb və bunun 62 tondan çoxu və yaxud təxminən 65 %-i satılıb.
Assosiasiya: "Azərbaycanda bal istehsalı son 27 ildə ən aşağı həddə düşüb"
Bu barədə FED.az-a nazirlikdən bildirilib.
Məlumata görə, satılan məhsulların 1,5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Builki yarmarkada bütün iqtisadi rayonlardan 250 arıçı iştirak edib. İştirakçılara maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) gətirmək hüququ verilib. Ümumilikdə yarmarkada 57,6 ton çiçək və 20,5 ton cökə balı satışa çıxarılıb. Çiçək və cökə balları yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 80 % -ni təşkil edib.
Təqdim edilən bütün arıçılıq məhsullarını Qida Təhlükəsizliyi Agentliyi laboratoriya şəraitində yoxlamadan keçirib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb.
Yarmarkanın son günündə təşkilatçı qurum tərəfindən 46 arıçı keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri üzrə ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə sertifikatla təltif olunub.