Bu il Azərbaycanda 3 500 ton bal istehsal olunub ki, bu da ötən illə müqayisədə 2 dəfə azdır və 1996-cı ildən bəri ən aşağı göstəricidir.
"25-30 kiloqramdan çox istehsal etdikləri halda, indi dəfələrlə azdır, qiymət artımı olacaq" - FOTOLAR
FED.az xəbər verir ki, bunu "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov bildirib.
"Bal istehsalının həcminin son 27 ildə ən aşağı həddə düşməsi əsasən hava şəraiti - yağışlı günlərin sayının çox olması ilə bağlıdır. Bu il arılar arasında kütləvi xəstəlik də olmayıb. Əgər ötən il arı ailələrinin sayı 620 min idisə, bu il 650 minə çatıb. Hazırda əsas məsələ arıları növbəti il üçün saxlamaqdır", - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, bu il işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara 125 minə yaxın arı ailəsi aparılıb: "Arıçılar təsərrüfatlarını 7 rayonun yaylağına köçürüb. Kəlbəcərdən 1 603, Laçından 808, Qubadlıdan 55, Füzulidən 19, Xocavənddən 10, Cəbrayıldan 18, Zəngilandan isə 8 arıçı fermer təsərrüfatını işğaldan azad olunmuş ərazilərdəki yaylaqlara aparıb. Ötən il həmin ərazilərdə rekord həddə məhsuldarlıq əldə edilib”.
B.Həsrətov fermerlərin çətinlikləri barədə də danışıb: "İndiyə qədər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilirdi. Bu qərar 2018-ci il də 5 il müddətinə qəbul olunmuşdu və bu il müddəti bitib. Subsidiyanın kəsilməsi bizə pis təsir göstərir. Bundan başqa, bal satışı üçün xüsusi mağazaların olmasına ehtiyac var. Həm Avropa ölkələrində, həm də ərəb ölkələrində bal mağazaları fəaliyyət göstərir. Hələ ki, fermerlər məhsullarını Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə keçirdiyimiz Arıçılıq Məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasında satır. Hər arıçı yarmarkaya 400 kq-a qədər bal və 30-a qədər arı şanı çıxara bilib. Bu il satışa çıxarılan balın cəmi 5 %-i yararsız olub". (Report)