Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə aqrar sığorta həyata keçirən Aqrar Sığorta Fondu fəaliyyətinin ilkin nəticələrini açıqlayıb.
Fonddan verilən məlumata görə, aqrar sığorta vasitəsilə əkin sahələrini, südlük mal-qaranı və akvakultura məhsullarını (balıqları) sığortamaq mümkündür.
1 hektar pambıq sahəsini sığortalamaq neçəyədir? - HESABLAMA, MƏBLƏĞLƏR
Aqrar sahəyə dövlət dəstəyi çərçivəsində fermerlər aqrar sığorta haqlarının yalnız 50%-ni ödəyirlər, məbləğin digər yarısı dövlət tərəfindən ödənilir.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində ilk sığorta müqaviləsi 2020-ci ilin noyabrın 3-də, hərbi əməliyyatların davam etdiyi dövrdə Tərtər rayonunda imzalanıb.
1 hektar fındıq bağını sığortalamaq neçəyədir? – HESABLAMA, MƏBLƏĞ
Bundan keçən dövr ərzində toplanan aqrar sığorta haqlarının məbləği 1 milyon manatı keçib və 28 aprel tarixinə 1,13 milyon manat təşkil edib.
Aqrar sığorta mexanizmi fəaliyyətə başlayandan indiyədək ölkə üzrə 7 min hektar əkin sahəsi sığortalanıb və ümumilikdə 410,4 min manatlıq sığorta haqqı toplanılıb.
Bu məbləğin yarısını - 205,2 min manatını fermerlər, qalan hissəni isə fermerlərə dəstək üçün dövlət ödəyib.
Fermerlər və sahibkarlar Aqrar Sığorta fondu vasitəsilə daha çox buğda, arpa, üzüm, pambıq və başqa bitki növlərini sığortalayıblar.
Aqrar sığorta mexanizmi fəaliyətə başlayandan bəri ölkə üzrə ümumilikdə 1300 südlük inək və camış sığortalanıb. Hesablanmış sığorta haqqı 720,6 min manat təşkil edib. Bu məbləğin 360,3 min manatını fermerlər, qalan hissəsini isə dövlət ödəyib.
İndiyədək aqrar sığorta mexanizmi vasitəsilə Göygöl, Tərtər, Salyan, Samux, Bərdə, Cəlilabad, Ağstafa, Kürdəmir, Ağdam, Quba, Ağdaş, Göranboy, Qax, Şəmkir, Siyəzən, Qəbələ, Qobustan, Bakı şəhəri, Zərdab, Ağsu, Şamaxı, İsmayıllı, Beyləqan, Hacıqabul, Tovuz və başqa rayonlarda olan təsərrüfatlar, əkin sahələri və kənd təsərrüfatı heyvanları sığortalanıb.
Qeyd edək ki, aqrar sığorta mexanizmi çərçivəsində təsərrüfatların sığortalanması üçün fermerlərə fərqli çeşiddə sığorta paketləri təqdim edilir. Müşahidələr göstərir ki, bu paketlərdən hər birinə böyük tələbat var.
Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov bildirib ki: «Sığortalanan əkin sahələrinin ərazisi 1 hektardan başlayaraq bir neçə min hektaradək dəyişir. Eləcə də heyvandarlıq təsərrüfatları üzrə bir neçə başdan tutmuş yüzlərlə baş mal-qarayadək sığortalanma müqavilələri mövcuddur. Bu hal onu göstərir ki, aqrra sığorta mexanizmi və ASF-nin təqdim etdiyi sığorta paketləri həm iri aqrar təsərrüfatlar, həm də kiçik fermerlər üçün eyni dərəcədə əlverişlidir. Qarşıdakı aylarda sığortalanan bitki və heyvanların siyahısının, eləcə də aqrar sığortanın əhatə etdiyi risklərin genişləndirilməsi nəzərdə tutulur».
Xatırladaq ki, hazırda aqrar sığorta çərçivəsində südlük inək və camışları, 14 bitkini və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Sığortaya qəbul edilən bitkilər – buğda, arpa, qarğıdalı, çəltik, limon, naringi, portağal, üzüm, fındıq, kartof, tütün, pambıq, çay və şəkər çuğundurudur. Bundan başqa, aqrar sığorta vasitəsilə ağaclar-kollar, tinglər və şətilləri də sığortalamaq mümkündür.
İş adamları və fermerlər Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki (asf.gov.az) «Sığorta kalkulyatoru» bölməsinə daxil olaraq aqrar sığorta haqlarını müstəqil olaraq hesablaya bilərlər. Aqrar sığorta mexanizmi və sağorta məhsullları barədə əlavə məlumatı asf.gov.az internet səhifəsi və 1651-ə zəng etməklə əldə etmək mümkündür.