Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı sığortaları sistemi – TARSİM təşkilatının İdarə Heyətinin sədri Kərim Üstünün və Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqovun rəhbərliyi ilə iki qurumun nümayəndələri Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görüş keçiriblər.
FED.az xəbər verir ki, ADAU-nun professor-müəllim və tələbə heyətinin qatıldığı görüşdə Türkiyədə və Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli, sığortanın tətbiqi prosesi, bununla bağlı yeniliklər, ortaya çıxan problemlər və onun həlli yolları müzakirə edilib. Eləcə də aqrar sahədə təhsil alan tələbələrin aqrar sığorta mexanizmindən yüksək gəlir əldə etmək imkanları barədə məlumat verilib.
Görüşü giriş sözü ilə açan ADAU-nin Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının mudiri Məhərrəm Hüseynov müasir dövrdə aqrar sığortanın fermerlər və ökə iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edib. M.Hüseynov Azərbaycanda Türkiyə təcrübəsi ilə aqrar sığortanın tətbiqinin mühüm hadisə olduğunu deyərək bu sahənin daha da inkişaf etdirlməsini, yeni aqrar sığorta məhsullarının yaranmasının vacib olduğunu bildirib.
Tədbirdə çıxış edən ADAU-nun rektoru İbrahim Cəfərov aqrar sektorun ərzaq təhlükəsizliyi baxımıdan əhəmiyyəti barədə məlumat verib. Onun sözlərinə görə, son illər ölkədə kənd təsərrüfatının inkişafı üçün ciddi addımlar atılır, paralel olaraq bu sahəyə yatırılan investisiyalvrın qorunmasına da ehtiyac yaranıb. Bu mənada fermerlərin və təsərrüfatların risklərdən qorunması üçün aqrar sığorta mühüm yer tutur.
TARSİM-in İdarə Heyətinin sədri Kərim Üstün bildirib ki, hazırda Türkiyə Avropada ən çox kənd təsərrüfatı məhsulu ixrac edən ölkədir. Əkin sahələrinin həcminə görə, Türkiyə dünyada 4-ci yeri tutsa da kənd təsərrüfatı məhsullarının icracı baxımından dünyada ilk 10-luqdadır. Belə böyük və sürətli inkişaf edən sahənin qorunması üçün aqrar sığorta mexanizmi ən mühüm vasitədir.
TARSİM İdarə Heyətinin sədr müavini Mete Güler Türkiyənin aqrar sığorta sistemi və onun iş prinsipi, əhatə etdiyi risklər və məhsullar barədə məlumat verib. Bildirildi ki, Türkiyədə 2005-ci ildən tətbiq edilən aqrar sığortanın penetrasiyası (nüfuz etmə səviyyəsi) 20%-ə çatıb və bu rəqəm hər il böyüyür. Türkiyədə aqrar sığortanın tətbiqində əldə edilən təcrübə və müasir yanaşmalar Azərbaycanda da tətbiq edilib: «Azərbaycanda aqrar sığortanın tətbiqi ilə bağlı ilkin nəticələr onun uğurla tətbiqini göstərir».
Tədbirdə çıxış edən və qaldırılan suallar cavab verən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, hazırda aqrar sığorta fermerlərin qarşılaşdığı əsas risklərin əksəriyyətini sığortalayır. Bura dolu, subasma, yanğın, donvurma və sair aiddir. Suallara cavab verən ASF rəhbəri aqrar sığorta tariflərinin formalaşması və onların regionlar üzrə fərqlənməsinin səbəblərini izah edib.
Onun sözlərinə görə, statistik təhlillər göstərir ki, Azərbaycada sel-su basma üzrə ən böyük risk olan ərazi Şəki-Zaqatala zonasıdır. Dolu riski isə ən çox ölkənin Qərb bölgəsi, Gəncə-Qazax zonasında yayılıb. Sığorta tarifləri də bu göstəricilərə əsasən müəyyən edilir.
F.Sadıqov bildirib ki, 2022-ci ildə bitkiçilik məhsulları üzrə yığılan sığorta haqları müqabilində il ərzində baş verəcək hadisələr qarşılanacaq və fermerlərə dəyən zərər kompensasiya ediləcək. Heyvnadarlıq müqavilələrinin isə əksəriyyəti 3 illik müddətə bağlandığına görə, yığılan sığorta haqları 2024-cü ilədək müddətə verilən riskləri qarşılayacaq.
TARSİM İdarə Heyətinin üzvü Bekir Engürülü ABŞ və İspaniyanın aqrar sığorta mexanizmlərini müqayisə edərək, Türkiyə və Azərbaycanın məhz İspaniya modelinə üsünlük verməsinin səbəblərini izah edib. Eləcə də o bildirdi ki, bəzi ölkələrdə indeks əsaslı aqrar sığorta tətbiq edilsə də, onun məqsədəuyğun olub-olmaması və fermerlərin zərərlərini lazımınca qarşılayacağı müzakirə mövzusudur. Belə ki, bu sistemin tətbiq edildiyi bəzi ölkələrdə - Hindistan və Qazaxıstanda fermerlər sistemdən o qədər də razı qalmayıblar.
TARSİM-in İdarə Heyətinin üzvü və baş meneceri Serpil Günal Türkiyədə fermerlərin ən çox zərər çəkdiyi riskləri sadalayıb. Onun sözlərinə görə, zərərlərə görə ən sox ödənişlər donvurma-şaxtavurma, dolu yağması və quraqlıq riskləri üzrədir. Amma quraqlıq üzrə ödənişlər bütün ödənişlərin yalnız 10%-ni təşkil edir. Bu mənada hazırda Azərbaycanda təqdim edilən sığorta paketi fermerlərin qarşılaşdığı əsas risklərin əksəriyyətini qarşılayır.
Tədbirdə müstəqil aqrar sığorta ekspertlərinin işi geniş mmüzakirə edildi, belə ekspertlərdən biri, baytarlıq mütəxəssisi Sinan Həsənov ekspert hazırlanması prosesi, ekspertin fəaliyyəti barədə məlumat verərək, müstəqil ekspertlərin yüksək gəlir əldə etmək imkanlarının olduğunu bildirib.
Tədbirdə ADAU-nun rektoru İbrahim Cəfərov tələbələri müstəqil ekspert fəaliyyəti ilə yaxından maraqlanmağa, bu sahədə gəlir imkandarından faydalanmağa çağırdı.
Görüşdə sahəvi biliklərin əldə edilməsi və müzakirələr aparılması üçün ADAU-da Ekspert qrupunun yaradılması da təklif edildi.