İşğaldan azad olunan ərazilərdə aqrar sığorta mexanizmi ilə bağlı yeni layihələr təqdim ediləcək.
Eləcə də bax: TARSİM nümayəndə heyəti Bakıda – AQRAR SIĞORTA FONDUNDA GÖRÜŞ
FED.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı sığortaları sistemi – TARSİM təşkilatının İdarə Heyətinin sədri Kərim Üstünün rəhbərliyi ilə nümayəndə heyəti fevraın 16-da işğaldan azad olunmuş Zəngilan rayonuna səfər edib.
TARSİM İdarə Heyətinin sədr müavini Mete Gülerin, İdarə Heyətinin üzvü və baş meneceri Serpil Günalın, İdarə Heyətinin üzvü Bekir Engürülünün və baş direktorun müavini Tufan Özelin də daxil nümayəndə heyətini Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və Fondun digər rəsmiləri müşayiət edib.
Aqrar Sığorta Fondundan verilən məlumata görə, nümayəndə heyəti işğaldan azad olunmuş Zəngilan rayonunun kənd təsərrüfatı imkanları və Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi ilə tanış olublar.
Layihənin rəhbərliyi tərəfindən qonaqlara məlumat verilib ki, “Ağıllı kənd” layihəsi yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələri kimi komponentlər üzrə icra edilir. Ərazidə 200 fərdi yaşayış evi, 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. “Ağıllı kənd” əhalisinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə, o cümlədən dövlət xidmətlərinə rahat çıxışı olacaq.
Kənddə yaradılacaq “Ağıllı kənd təsərrüfatı” sistemi üzrə müasir texnologiyalar əsasında tarla, bağ və fermalar qurulacaq, burada meyvə, tərəvəz, ət və süd məhsulları istehsal ediləcək.
TARSİM-in İdarə Heyətinin sədri Kərim Üstün jurnalistlərə müsahibəsində deyib: “Bu gün qardaş Azərbaycanın işğaldan azad olunan torpaqlarında olmaqdan çox xoşbəxtəm. “Ağıllı kənd” layihəsi çox təsirləndiricidir. Buradan qovulmuş insanların yenidən öz yurdlarına geri dönüb yaşamaları da həm bizim üçün, həm o insanlar üçün böyük xoşbəxtlikdir".
K.Üstün bildirib ki, TARSİM rəhbərliyinin Zəngilana, Ağalı kəndinə səfərində məqsəd Türkiyənin bu layihəyə dəstək imkanlarını, o cümlədən aqrar sığorta mexanizmi üzrə atılacaq addımları araşdırmaqdır: "Fikirlərimizi dəyərləndirərək layihələrimizi təqdim edəcəyik. Təbii ki, burada normal şərait, ərazıyə uyğun su təminatı mövcuddur. Müasir texnologiyalar ilə bunları birləşdirib işlərimizi həyata keçirə bilərik. İnsanların burada sağlam yaşamasına bizim də köməyimiz olacaq”.
Xatırladaq ki, TARSİM təşkilatının rəhbərliyi 14-18 fevral tarixlərində Azərbaycanda səfərdədir. Səfərdə məqsəd Azərbaycanda TARSİM-in dəstəyi və təcrübəsindən istifadə etməklə yaradılan aqrar sığorta mexanizminin fəaliyyəti ilə tanışlıq, sistemin fəaliyyətə başlamasından ötən müddət ərzində əldə edilən nəticələrin təhlili, təcrübə mübadiləsi, eləcə də Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə tətbiqi imkanlarını müzakirə etməkdir.
Səfər çərçivəsində TARSİM nümayəndələri aqrar Sığorta Fondunda, Kənd Təsərrüfatı Nazirliyində, Azərbaycan Mərkəzi Bankında görüşlər keçirib, aqrar sektoru maliyyələşdirən bankların və aqrar sığorta mexanizminin üzvü olan vasitəçi sığorta şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıblar.