Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin tədris korpusunda (ADAU) 10-cu məzun yarmarkası keçirilib.
FED.az-ıın Gəncə bürosunun verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.
Məzun yarmarkasının açılışında çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyev rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət kursunun nəticələri, qarşıda duran vəzifələr və bu vəzifərlərin icrasında Azərbaycan Dövlət Aqrar Universitetinin rolu barədə danışıb.
Nazir qlobal çağırışlara cavab verən mütəxəssis hazırlığının həyata keçirilməsinin məhz aqrar təhsillə bağlı olduğunu bildirərək məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında aqrar sahənin sürətli inkişafından, bu sahəyə göstərilən dövlət qayğısından danışıb, prezident İlham Əliyevin apardığı aqrar siyasətin ilbəil daha böyük uğurlarla yadda qalmasından söz açıb. Məzunlara uğur arzulayan İcra Başçısı onu da xüsusi vurğulayıb ki, aqrar sahənin inkişafı həm də ADAU-da hazırlanan kadrların yüksək təhsili ilə bağlıdır.
Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin maddi-texniki bazasının müasirləşdirilməsi, rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, dövlət sifarişli ixtisaslar, aparıcı şirkətlərlə əlaqələr, məzunların işlə təmin olunma səviyyəsi barədə məlumat verib.
Qeyd edək ki, ümumilikdə məzun yarmarkasında 41 rayondan 164 müəssisə iştirak edib və 918 iş yeri təklif edilib.
164 müəssisə 918 yeni iş yeri təklif edir - MƏZUN YARMAKASI
16:06
31 May 2018