Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergiödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir.
Eləcə də bax: Ödəmə mənbəyində verginin tutulması qaydası - Dəyişib
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Bu məsələdə vergiödəyicilərinin nəzərə almalı olduğu məqam ondan ibarətdir ki, vergiödəyicisi mütləq fəaliyyətini və əməliyyatlarını dayandırdığı tarixə qədər olan dövrlə bağlı hesabat təqdim etməlidir.
Lakin nəzərə almaq lazımdır ki, bu zaman vergiödəyicisi üçün hesabat dövrü müddətin əvvəlindən vergiödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.
Gəlir, mənfəət və ya sadələşdirilmiş vergiödəyiciləri fəaliyyətini dayandırdığı halda, vahid bəyannaməni - “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini (hesabatı)” növbəti rübdən sonrakı ayın 20-dək təqdim etməlidirlər.