İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi hesabatlarındakı problemlə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılır.
Dövlət Vergi Xidməti bu prosesi qısa bir zaman çərçivəsində həll edəcəyini bildirir və vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcək.
Xatırladaq ki, fərdi sahibkarlar üçün pandemiyaya ilə bağlı sosial sığorta haqqında qanuna edilən dəyişikliklər mövcud vahid bəyannamə formasında əksini tapmamış və bu gün hesabatın təqdim edilməsinin sonuncu günü olmasına baxmayaraq proqram təminatı hazır olmadığı üçün hesabatı təqdim etmək mümkün deyildi.
Bununla bağlı 195 çağrı mərkəzi sahibkarlara hesabatı yazılı formada kağız daşıyıcında təqdim etməyi təklif etsə də, bu mövcud pandemiya şəraitində mümkün deyil.