Vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması ilə bağlıdır.
FED.az xəbər verir ki, bu istiqamətdə növbəti addım kimi, 2025-ci ilin oktyabr ayının 1-dən etibarən Dövlət Vergi Xidməti (DVX) tərəfindən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi istifadəyə verilib. DVX-dən bildirilib ki, “Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2025-ci il üzrə “Yol Xəritəsi”ndə mikro sahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin olunması mühüm komponentlərdən biri kimi nəzərdə tutulur. Yeni “prefiling” sistemi sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsinin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və vergi ödəyicisi tərəfindən təsdiq olunmasını əhatə edir. Vergi ödəyiciləri elektron kabinetləri vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər.
Yeni xidmət standartı
Mikro sahibkarlar “prefiling” sistemindən yararlanmaqla məlumat bazasında mövcud məlumatlar əsasında avtomatik hazırlanmış vergi bəyannaməsi əldə edirlər. İnternet Vergi İdarəsinə daxil olmaqla elektron kabinet vasitəsilə bəyannamə ilə tanış olmaq mümkündür. Bunun üçün Dövlət Vergi Xidmətinin e-taxes.gov.az-saytına daxil olaraq İnternet Vergi İdarəsinə keçid etmək lazımdır. Vergi orqanı tərəfindən hazırlanmış bəyannamədəki məlumatlar vergi ödəyicisi tərəfindən təsdiq edilir. İlk mərhələdə bu xidmətdən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin doldurulması üçün istifadə etmək mümkündür. Yaxın gələcəkdə Dövlət Vergi Xidməti tərəfindən digər bəyannamələr üzrə də öncədən doldurulma (“prefiling”) sisteminin də istifadəyə verilməsi planlaşdırılır.
Biznes subyektləri üçün unikal üstünlüklər
Bəyannamənin əvvəlcədən doldurulması sistemi (prefiling) həm vergi ödəyiciləri, həm də vergi inzibatçılığı üçün bir sıra üstünlüklər verir. Sistem inzibatçılıq yükünü azaldır, vergi ödəyicilərinin vaxtına qənaət edir, məlumatların düzgünlüyünü artırır və hesabatlılıq prosesini sadələşdirir. Eyni zamanda, vergi bəyannamələrinin daha operativ və dəqiq tərtib edilməsinə, məlumatların öncədən yoxlanılması ilə səhvlərin aradan qaldırılmasına, nəticədə, vergi ödəyicilərinə göndərilən uyğunsuzluqların azalmasına və əlavə yazışmaların qarşısının alınmasına şərait yaradır. Ümumilikdə, “prefiling” sistemi vergi hesabatlarının keyfiyyətinin və səmərəliliyinin artırılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə və vergi ödəyicilərinin inzibati yükünün əhəmiyyətli dərəcədə azalmasına xidmət edir.
Biznes mühiti üçün innovasiyaların əhəmiyyəti
Müasir vergi sistemlərində də innovasiyaları dəstəkləyən rəqəmsal həllərin tətbiqi inkişafın aparıcı elementi sayılır. Biznes təmsilçiləri üçün inzibatçılığın sadələşdirilməsi, elektron resursların imkanlarından istifadə və öhdəliklərin sadə formada icrası əhəmiyyətli prosesdir. Bu baxımdan vergi ödəyicilərinin fəaliyyətinə texniki dəstək verən və innovativliyi stimullaşdıran ekosistemin qurulması kimi mexanizmlərin tətbiqi vergi orqanları tərəfindən diqqətdə saxlanılır. Bütün bunlar isə biznes subyektlərinin fəaliyyətinin təşviqinə, effektiv tənzimlənməyə və bu istiqamətdə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.