2023-cü ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 milyard 80,4 milyon manat vergi daxil olub.
Vergi və sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə - CİNAYƏT MƏSULİYYƏTİ - VİDEO
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 23,4 faiz və ya 2,3 milyard manat artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 865,6 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 20,5 faiz və ya 1 milyard 166,8 milyon manat çox olub.
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı Xalid Kərimli vergi daxilolmalarının artımının əsas səbəblərindən biri kimi vergi inzibatçılığının təkmilləşdirilməsini qeyd edib. Digər səbəb isə iqtisadiyyatda şəffaflıq dərəcəsinin artması olub: “İqtisadiyyatda şəffaflaşmanın artmasında, təbii ki, Dövlət Vergi Xidmətinin böyük rolu var. Hökumət sahibkarları təkamül yolu ilə, maarifləndirməklə şəffaflığın təmin olunmasını, vergilərin dəqiq ödənilməsinin alternativinin olmadığını izah edir. Sahibkarlar da qəbul edirlər ki, artıq geriyə yol yoxdur, işini şəffaf qurmamaq fəaliyyətini dondurmaq deməkdir, amma birdən-birə bütün sahələrdə tam şəffaflaşdırma mümkün deyil. Biznes dairələri bunu zamanla, ardıcıl formada davam etdirirlər”.
İqtisadçı vergi daxilolmalarının artımının səbəbləri sırasında ölkədə əmək haqlarının səviyyəsinin yüksəlməsi və qeyri-neft sektorunda istehsalın həcminin böyüməsini də göstərib. Bildirib ki, qeyri-neft sektoru innovativ, böyümə və inkişaf xarakterli olduğundan, bu sektordan fiskal daxilolmaların həcmi də artır.