Nvidia şirkətinin səhmləri dörd aydan artıq müddətdən sonra ilk dəfə rekord səviyyəyə yüksəlib. İnvestorların süni intellekt çipləri bazarının liderinə marağının yenidən artması şirkətin səhmlərinin qiymətini tarixi maksimuma qaldırıb.
FED.az xəbər verir ki, Nvidia səhmləri 2,5 faizədək bahalaşaraq 236,59 dollara yüksəlib. Bununla da şirkət mayın 14-də qeydə alınmış 236,54 dollarlıq əvvəlki rekordunu geridə qoyub.
Çip istehsalçısının səhmləri iyulun sonlarında qeydə alınmış minimum səviyyədən bəri təxminən 25 faiz bahalaşıb. İlin əvvəlindən isə Nvidia səhmlərinin artımı təxminən 30 faiz təşkil edib.
Bu göstərici Nasdaq 100 indeksinin ilin əvvəlindən qeydə aldığı təxminən 22 faizlik artımı üstələyib. Bununla belə, Nvidia eyni dövrdə 86 faiz bahalaşan Philadelphia Semiconductor Index-dən geri qalıb.
6 trilyon dollarlıq hədd yaxınlaşır
Səhmlərdəki bahalaşma Nvidia-nın bazar kapitallaşmasını təxminən 5,7 trilyon dollara çatdırıb. Beləliklə, şirkət indiyədək heç bir şirkətin keçmədiyi 6 trilyon dollarlıq bazar dəyəri həddinə daha da yaxınlaşıb.
Nvidia səhmlərinə avqust ayında açıqlanan güclü gəlir proqnozu da dəstək verib. Bundan əlavə, şirkət sentyabrın sonunda səhmlərin geri alınması proqramının həcmini əlavə 150 milyard dollar artırıb.
Süni intellekt infrastrukturu və yüksək performanslı çiplərə tələbin yüksək qalması Nvidia-nın investorlar üçün ən mühüm texnologiya şirkətlərindən biri mövqeyini qorumasına imkan verir.













