Vergi Məcəlləsinin 58.6-cı maddəsində qeyd edilir ki, Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda, ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi ödəyiciləri hansı yeni elektron qaimə-fakturanı təqdim etməlidirlər?
Bəs hansı halda vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyə bilər?
FED.az xəbər verir ki, suala vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir:
Vergi ödəyicisi aldığı elektron qaimə-fakturalar üzrə qarşı tərəfin bank hesabına əsas məbləği ödədikdən sonra 1 iş günündən gec olaraq ƏDV-ni ödəyərsə, bu halda ona 50 faiz maliyyə sanksiyası tətbiq edilə bilər.
Misal 1: ƏDV ödəyicisi olan “A” MMC digər ƏDV ödəyicisi olan “B” MMC-dən 5 fevral tarixində əsas dəyəri 20.000 manat (ƏDV məbləği 3.600 manat) olan mal (iş, xidmət) alıb. “A” MMC aldığı malın əsas dəyərini 20 fevral tarixində, ƏDV məbləğini isə 27 fevral tarixində ödəyib və fevral ayının hesabatını təqdim edərkən ödənilmiş ƏDV məbləğini əvəzləşdirib. Burada “A” MMC ƏDV məbləğini 1 iş günündən gec ödədiyi üçün vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlaması zamanı əvəzləşdirilən ƏDV məbləğinə görə 1.800 manat məbləğində maliyyə sanksiyası tətbiq oluna bilər:
3600 x 50% = 1800 manat.
Aşağıdakı 3 halda isə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməyəcək. Birinci halda əgər vergi ödəyicisi avans ödənişləri edirsə, yəni elektron qaimə-faktura əldə etmədən əsas məbləği ödədikdən sonra 1 iş günündən gec olaraq ƏDV məbləğini ödəyə bilər. Bu halda ona maliyyə sanksiyası tətbiq edilməyəcək.
Misal 2: Hesab edək ki, ƏDV ödəyicisi olan “A” MMC digər ƏDV ödəyicisi olan “B” MMC-dən fevral ayında alınacaq mallara görə (iş, xidmət) 5 yanvar tarixində avans olaraq bank hesabından 15.000 manat əsas məbləğin ödənişini edib. Lakin qeyd olunan məbləğin ƏDV-sini (2.700 manat) 25 yanvar tarixində depozit hesabından ödəyib.
Göründüyü kimi, ƏDV məbləği əsas məbləğ ödənildikdən 1 iş günündən gec ödənilib. Lakin buna baxmayaraq, ödəniş məbləği avans olduğu üçün həmin ödənişə görə maliyyə sanksiyası tətbiq edilməyəcək.
İkinci hal odur ki, vergi ödəyicisi ƏDV məbləğini ödəyir, ardınca isə 1 iş günündən gec olmaqla əsas məbləği qarşı tərəfin bank hesabına ödəyir. Bu halda da ona maliyyə sanksiyası tətbiq edilməyəcək.
Misal 3: ƏDV ödəyicisi olan “A” MMC digər ƏDV ödəyicisi olan “B” MMC-dən alınmalı mallara görə 2 mart tarixində ƏDV depozit hesabından 1.260 manat ƏDV məbləği ödəyib. “A” MMC “B” MMC-yə əsas məbləği, yəni 7.000 manatı 29 mart tarixində köçürüb. Bu halda ƏDV və əsas məbləğlərin ödənişi arasında 1 iş günündən çox vaxt keçməsinə baxmayaraq, həmin ödənişə görə maliyyə sanksiyası tətbiq edilməyəcək.
Üçüncü halda isə vergi ödəyicisi, yəni alıcı tərəf həm əsas məbləği, həm də ƏDV məbləğini qarşı tərəfin bank hesabına ödəyir. Bu halda elektron qaimə-faktura əldə edən və ödənişi edən vergi ödəyicisinin əvəzləşdirmək hüququ yaranmadığı üçün ona maliyyə sanksiyası da tətbiq olunmayacaq. (vergiler.az)