Azərbaycanda vətəndaşların “ƏDV geri al” (ƏDV cash-back) mexanizmi üzrə əldə etdiyi gəlirlərin vergidən azad edilməsi qanuniləşir.
9 ayda istehlakçılara 113 milyon manat - ƏDV QAYTARILIB
FED.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.
O qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, "ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək.
“Düzdür, 2023-cü və əvvəlki illərdə də bu gəlirlərə vergilər tətbiq olunmurdu, çünki dövlət bu sahədə təşviq siyasəti həyata keçirirdi. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşir və onun hüquqi bazası formalaşdırılır.
Bu da imkan verəcək ki, həmin gəlirlər növbəti ildən etibarən vergidən azad edilməsi Vergi Məcəlləsində öz əksini tapsın”, - deyə o əlavə edib.
Qeyd edək ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır. (Trend)