Azərbaycanda sərnişin və yük daşınması sahəsi üçün vergilər dəyişəcək.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Sənəddə bildirilir ki, gələn il həyata keçiriləcək. vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi tədbirləri çərçivəsində sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi nəzərdə tutulur.
Xatırladaq ki, hazırda Vergi Məcəlləsinə (maddə 220.5) əsasən sərnişin və yük daşımaları sahəsi vergiyə belə cəlb edilir.
220.5. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:
Daşınma növü |
Sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidi |
Sadələşdirilmiş verginin aylıq məbləği (manatla) |
Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə: |
1 oturacaq yeri üçün |
1,8 |
Taksi ilə sərnişin daşınması |
1 ədəd nəqliyyat vasitəsi üçün |
9,0 |
Yük daşınması |
yükgötürmə qabiliyyəti üçün (hər tona) |
1,0 |
220.6. Yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergi ödəyiciləri üçün sadələşdirilmiş vergi bu Məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:
220.6.1. Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında - 2,0;
220.6.2. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) - 1,5;
220.6.3. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (bu Məcəllənin 220.6.1-ci və 220.6.2-ci maddələrində göstərilənlər istisna olmaqla) - 1,0.
220.7. Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir.
Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə həmin göstəricilər müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilir.