Azərbaycanda sahibkarlıq subyektlərinin 99,7 %-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir.
KOBİA sədri: Bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxış əldə etməkdə çətinliklə üzləşir
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü ilə əlaqədar yaydığı açıqlamada bildirilir.
Məlumata görə, dünyada fəaliyyət göstərən hər 10 müəssisədən 9-u KOB-dur.
BMT Baş Assambleyasının 2017-ci ildə qəbul etdiyi qətnamə ilə təsis olunmuş Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü KOB-ların iqtisadi inkişafın sürətləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların təşviqinə və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin artırılmasına diqqəti yönəltmək məqsədi daşıyır.
Hazırda dünyada fəaliyyət göstərən müəssisələrin təxminən 90 %-ni KOB-lar təşkil edir. Onlar qlobal məşğulluğun 70%-dən çoxunu təmin edir və bir çox ölkələrdə yeni yaradılan iş yerlərinin əsas hissəsini formalaşdırırlar.
Rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və texnoloji yeniliklərin biznes mühitini sürətlə dəyişdiyi bir dövrdə KOB-lar çevikliyi, yeniliklərə operativ uyğunlaşma qabiliyyəti və innovasiya potensialı ilə iqtisadiyyatın ən dinamik seqmentlərindən biri kimi çıxış edir. Azərbaycanda da KOB-lar iqtisadiyyatın əsas sütunlarından biridir. Onlar əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərərək ölkənin iqtisadi fəallığının artırılmasına, məşğulluğun təmin edilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verirlər.
Ölkə sahibkarları, xüsusilə KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOBİA yeni KOB-ların yaradılmasını və mövcud bizneslərin inkişafını müxtəlif dəstək mexanizmləri və alətləri vasitəsilə təşviq edir. Belə ki, 2018-2025-ci illərdə
- 5 KOB evi (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) və 1 xidmət mərkəzi (Xaçmaz rayonunun Xudat şəhəri) sahibkarlara 1,5 milyona yaxın xidmət təqdim edib;
- 56 "KOB dostu" ofisi fəaliyyət göstərir;
- 129 layihəyə 2,2 milyon manatdan çox qrant ayrılıb;
- 247 "Startap" şəhadətnaməsi verilib;
- 82 sərgi və yarmarkada 2 000-ə qədər KOB-un iştirakı dəstəklənib;
- 140-a qədər KOB-un ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib;
- 70 daxili bazar araşdırması aparılıb;
- 5200-dən çox ödənişsiz təlim keçirilib;
- 93 000 saatdan çox ödənişsiz məsləhət xidməti göstərilib;
- 2 800-ə yaxın biznes plan hazırlanıb;
• 3 kommersiya hüquqi şəxsə KOB klaster şirkətinin şəhadətnaməsi verilib;
- 700-dən çox sahəvi görüş, maarifləndirmə tədbiri və ictimai müzakirələr təşkil olunub.
"Bu dəstək mexanizmləri nəticəsində minlərlə sahibkarın biznes qurmasına və fəaliyyətini genişləndirməsinə, yeni məhsul və xidmətlərin yaranmasına və bazara çıxarılmasına, məşğulluğun artmasına töhfə verilib. KOB-ların inkişafı iqtisadiyyatının şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, dayanıqlı iqtisadi artımın təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan KOB-ların dəstəklənməsi iqtisadi siyasətin prioritetlərindən biri olaraq qalır", - deyə agentlik bəyan edib.















