Azercell-in dəstəyilə hazırlıq keçən şagirddən daha 1 bürünc medal
Azərbaycanın məktəblilərdən ibarət informatika üzrə milli yığması İndoneziya Respublikasının Coqyakarta şəhərində keçirilən 34-cü Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2022) ölkəmizi layiqincə təmsil edib. 88 ölkədən 349-dan çox şagirdin qatıldığı olimpiadada Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medal əldə edib.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Azercell-in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Hazırlıq prosesinə ölkənin hər yerindən istedadlı şagirdlər cəlb olunur, informatika fənni üzrə aparıcı mütəxəssislər tərəfindən uşaqlara təlimlər keçirilir, zəruri biliklər paylaşılır.
Azercell-in dəstəyi ilə Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 24 bürünc olmaqla, ümumilikdə 35 medal əldə ediblər.
“Azercell Telekom” MMC və Təhsil Nazirliyinin birgə əməkdaşlığı nəticəsində gənclər arasında İKT sahəsində təhsilə marağın və texnoloji savadlılığın artırılması istiqamətində həyata keçirilən sosial layihələr davam edir.