Zülfiyyə Kişiyeva: “Valideynlərim bizə “get, dərslərini oxu” deməyiblər. Heç “tapşırıqların hazırdırmı” sualını da verməyiblər. Biz özümüz oxumuşuq. Bacımda da qiymətlər yaxşı olub deyə, mən elə bilmişəm ki, şagird həmişə dərslərinə hazır getməlidir”
“Green card”ı elmi məqalələrimin sayına görə almışam” - MÜSAHİBƏ
Amerika Birləşmiş Ştatlarının nüfuzlu ali təhsil müəssisələrindən olan Stanford Universitetində tam təqaüdlü təhsil imkanı qazanıb. Tətbiqi riyaziyyat ixtisası üzrə alacağı təhsil üçün ayrılan təqaüdün məbləği 145 min manatdır (85 min dollar).
FED.az bildirir ki, söhbət azərbaycanlı gənc Zülfiyyə Kişiyevadan gedir. Bəs o, bu nəticəyə necə nail olub? Elə bu haqda onun özü ilə söhbətləşdik.
Zülfiyyə riyaziyyata marağının çox kiçik yaşlardan başladığını deyir: “Hətta 3-4 yaşımdan deyərdim. Bir bacım var, məndən iki yaş böyükdür. Valideynlərim ona riyaziyyat dərslərində köməklik edəndə mən də eşidirdim, marağım yaranmışdı. Atamın texniki fənlərə marağı var. Bunun da marağımın yaranmasında rolu olub. 1-2-ci sinifdə oxuyanda artıq vurma cədvəlini əzbərləmişdim. Bunu məcbur öyrətmirdilər, öz marağım var idi”.
“İstəyən hər kəs bunu bacara bilər”
Z.Kişiyeva uşaqda kiçik bir həvəs yaranandan sonra onun davamının uğurlu gəlməsi üçün əsas rolun müəllim və valideynlərə düşdüyünü bildirir: “O vaxt Xaçmazda yaşayırdıq. Valideynlərim evdə dərslərimə köməklik edirdilər. Bu sahəyə marağımı görüb məktəbdən əlavə müəllim yanına da qoydular. Mən 3-4-cü sinifdə oxuyanda müəllimin hələ keçmədiyi dərsləri öncədən öyrənirdim. Bəzi müəllimlər buna icazə vermirdilər, çünki həmin dərsi izah edəndə, mən o dərsi öyrənmiş olurdum. Bəziləri buna pozitiv yanaşırdılar, hətta özləri irəli dərslərdən mənə keçirdilər. Riyaziyyata olan marağımı həm qorumağa, həm də irəli aparmağa müəllimlərim çox köməklik etdilər”.
Ancaq xaricdə təhsil almaq istəyi Bakıda liseydə oxuduğu dövrdə yaranır: “Xaçmazda yaşadığım dövrdə riyazi sahəyə marağım olduğu üçün I qrup üzrə təhsil almağı düşünürdüm. O vaxt heç bilmirdim ki, xaricdə təhsil almaq mümkündür, ya yox. Sonra Bakıya köçdük, liseyə qəbul oldum. Liseydə bu haqda bizi məlumatlandırdılar. Məndə xaricdə təhsil marağı yarandı. Bildim ki, xaricdə təhsil təqaüdlə də mümkündür. İstəyən hər kəs bunu bacara bilər”.
Azərbaycanda qəbul imtahanında iştirak etmir
Bundan sonra məqsədi xaricdə təhsil almaq olur. Ona görə yerli qəbul imtahanlarında iştirak etmir: “11-ci sinfin sonunda valideynlərim, ətrafdakı insanlar dedilər ki, Azərbaycandakı imtahanda da iştirak edə bilərsən. Xaricdə təhsil alınmasa, bu da hazır variant olsun. Dedim ki, istəmirəm. Alınmasa, daha aşağı universitetlərə sənəd verərəm, yaxud 1 il gözləyərəm”.
Təqaüdlü təhsil imkanı qazandığı universitetdə oxumağı isə 8-ci sinifdən məqsəd olaraq götürdüyünü bildirir: “Azərbaycanda dərsə gedirsiniz, sonra qayıdıb gəlirsiniz. Amerikada isə universitetdə yaşayırsınız. Siz tələbə şəhərciyində yaşayırsınız. Təcrübə tamamilə fərqlidir. Bu haqda oxuyurdum, eşidirdim. Amma daha detallı öyrənmək üçün Stanford Universitetinin riyaziyyatla bağlı yay kampında iştirak etdim. Əslində yay kampı universitetin kampusunda baş tutmalı idi. Koronavirus dövrünə düşdüyü üçün onlayn keçirildi. Fərqli ölkələrdən şagirdlər qatılmışdı. Universitetin professorları bizə dərs keçirdilər. Professorları ilə tanış oldum. Onlardan bir ilə əlaqə saxladım. Ünsiyyət qurduq, ona öz mühitim, təcrübələrim haqqında məlumat verdim. Dedim, mənim də bu universitetdə oxumaq imkanım ola bilərmi? O, mənə çox dəstək oldu. Belə bir şansım olduğunu bildirdi. Bu məlumatı alandan sonra daha da həvəsləndim. Daha çox araşdırdım, daha çox professorla əlaqə qurdum”.
“Riyaziyyat işığı altında kainat”
O, bu imkandan yararlanmasında uşaq yaşlarından ingilis dilini öyrənməsinin böyük rolu olduğunu deyir: “Hələ kiçik yaşlarımızdan valideynlərimiz ingilis dilinin önəmini bizə aşılamağa çalışırdılar. Xarici dilin fərqli qapıları açmaq üçün açar olduğunu deyirdilər. 5-6 yaşdan ingilis dilini öyrənməyə başlamışıq. Mən 8-ci sinifdə Stanford Universitetinin yay kampına qoşulanda, ingilis dili biliyim artıq əla idi. Bu olmasa idi, kampda o qədər aktiv ola bilməzdim. O kampda elə uşaqlar var idi ki, danışmırdılar, sadəcə dinləyirdilər”.
11-ci sinfin sonunda “Riyaziyyat işığı altında kainat” adlı kitabı çap olunur. Zülfiyyə universitetə qəbul prosesində bu kitabın da önəmli olduğunu vurğuladı: “Mən özüm evdə öyrənəndə riyaziyyatın elə yönlərini kəşf edirdim, elə tərəfləri ilə tanış olurdum ki, bizim məktəb uşaqları 11-ci sinfi bitirəndə belə, bu haqda bilmirlər, öyrənmirlər. Çünki proqramda yoxdur. Stanfordun kampında onlayn iştirak etsəm də, fiziki iştirak etdiyim riyaziyyat kampları da olub. Xarici universitetlərin kamplarında iştirak etdikcə, həm də fərqli ölkələrin riyaziyyata yanaşmasını öyrənirdim. Görürdüm ki, bizə riyaziyyatı fərqli şəkildə tədris edirlər. Bizim məktəbdə öyrəndiyimizdən çox fərqlidir. Mən onsuz da riyaziyyata vurğun idim. Kamplarda iştirak etdikcə, onların yanaşmalarını gördükcə, riyaziyyata ayrı cür vurğun oldum. Bizdə məktəblilərin çoxu riyaziyyatı sevmirlər. Niyə? Çünki çoxuna çətin gəlir. Bu qərara gəldim ki, bizim proqramımız fərqlidir, dünyaya o qədər uyğun deyil. Ona görə düşündüm ki, şagirdlərə bir köməyim dəysin. Mən riyaziyyatın hansı tərəflərini görürəm, hansı səbəblərdən riyaziyyatı sevirəm? Bunu kitabda çatdırsam, bəlkə uşaqlarda da bu sahəyə sevgi yaranar. Universitetə qəbulda bu kitabın da bir rolu oldu”.
Valideynlərin maddi və mənəvi dəstəyi
Zülfiyyənin bacısı isə hazırda ABŞ-ın Pensilvaniya Universitetinin 2-ci kurs tələbəsidir. Zülfiyyə bu nailiyyətlərində valideynlərinin həm maddi, həm də mənəvi dəstəyinin önəmi olduğunu bildirir: “Bu nailiyyətlərin əldə edilməsində valideyn və müəllim dəstəyi çox önəmlidir. Mən ən çox valideyn dəstəyini qeyd edərdim. Valideynlərim bizə maddi və mənəvi dəstək olublar. Kiçik ailə biznesimiz var, maddi gəlirimiz ordandır. Dərsdən kənar hazırlıqlar, kurslar olur. Bunlar üçün maddi vəsait lazımdır. Valideynlər təhsilimiz üçün maddi vəsait ayırıblar. Eyni zamanda mənəvi dəstək olublar. Nə ixtisas, nə ölkə seçimində limit qoymayıblar. Öz öhdəmizə buraxıblar. Bəzi valideynlər uşaqlarına texnoloji cihazlardan istifadəni limitləyirlər. Bizə isə limit qoymaq əvəzinə düzgün istifadəni öyrədiblər. Çox kiçik yaşlarımızdan bizim kompüterimiz olub”.
Zülfiyyə valideynlərin onlara “get dərslərini oxu” demədiyini də qeyd etdi: “Məktəbi qızıl medalla bitirmişəm. Qiymətlərimin hamısı 5 olub. Ancaq kənardan bəzən düşünülür ki, valideyn məcburiyyəti olur, ona görə uşağın yaxşı oxumaqdan başqa çarəsi qalmır. Çünki məktəbdə belə təcrübə çoxdur ki, uşaq aşağı qiymət alanda valideyninin əsəbiləşəcəyini bilir və məcbur olub oxuyur. Bizdə valideynlərim “get, dərslərini oxu” deməyiblər. Heç “tapşırıqların hazırdırmı” sualını da verməyiblər. Biz özümüz oxumuşuq. Bacımda da qiymətlər yaxşı olub deyə, mən elə bilmişəm ki, şagird həmişə dərslərinə hazır getməlidir. Bəzən 4 aldığım olub. Amma deyiblər ki, 4 aşağı qiymət deyil. Hətta atam deyirdi ki, 2 almayan şagird şagird deyil (Gülür). Hər zaman deyiblər ki, zəif nəticə göstərdiyiniz zaman da olacaq, yüksək nəticə göstərdiyiniz də”. (Kaspi.az)