"Müəyyən güzəştlər olsaydı, təhsil haqqını ödəyə bilsəydim, indi universitetdən qovulanların yox, təhsilinin başa vurmuş məzunların siyahısında olardım", 23 yaşlı Saleh Tağıyev deyir.
2016-cı ildə Azərbaycan Texniki Universitetinin metallurgiya mühəndisliyi fakültəsindən xaric edilmiş Azərbaycan Texniki Universitetinin keçmiş tələbəsi Saleh Tağıyevin təhsil haqqı 1500 manat olub.
ELƏCƏ DƏ BAX: Universitetlərin ƏDV-dən azad olunması özünü doğruldub? - ARAŞDIRMA
"Həm işləyirdim, həm də oxuyurdum. Arada iş çox olurdu, bəzən dərsə gedə bilmirdim. Ona görə qayıblarım da yığılmışdı. İllik təhsil haqqını da ödəyə bilmədiyim üçün xaric etdilər", deyə, o danışıb.
Hazırda bərpa olunmaq, təhsilinə davam etmək istəyən keçmiş tələbə həm bunun üçün, "həm də yığılıb qalmış kəsirləri də həll etmək üçün bir xeyli pul lazım olduğunu" bildirir.
Ödənişli təhsil Saleh kimi bir çox tələbələri təhsilini yarımçıq qoymağa məcbur edir. Bəs hökumət ödənişsiz təhsil imkanlarını artırmaq barədə düşünürmü?
Maliyyə naziri Samir Şərifovun ötən həftə parlamentdə bildirdiyinə görə, bəli.
O, büdcə müzakirələri zamanı təhsilə ayrılan xərclərdən danışarkən, dövlət sifarişi əsasında qəbul yerlərinin 20 faiz artırılacağını bildirib.
Cənab Şərifov öz hesabına və dövlət sifarişi ilə təhsil alan tələbələr arasında balansın qorunmasının vacibliyini vurğulayıb.
Dövlət İmtahan Mərkəzi bildirir ki, bu il ali məktəblərə 45 minə yaxın tələbə qəbul olunub. Onlardan təxminən 12 min nəfəri ödənişsiz təhsil almaq imkanı qazanıb.
Təhsil məsələləri üzrə təhlilçi Kamran Əsədov deyir ki, dövlət sifarişi ilə oxuyan tələbələrin sayının 20 faiz artrılması ciddi rəqəm deyil və balans yarada bilməz.
"Bu il abituriyentlərdən 33 mini ödənişli, 12 mini isə dövlət sifarişli yerlərə qəbul olub. İndi dövlət sifarişli yerlərin 20 faiz artırılması ödənişsiz əsaslarla oxuyan tələbələrin sayını maksimum 15 minə qaldıracaq. Bu isə ciddi rəqəm deyil və balansı qoruya bilməz".
"Dövlət özü üçün kadr yetişdirməyə borcludur"
Təhlilçi deyir ki, Azərbaycan əhalisinin 10 milyona yaxın olmasına rəğmən, ölkədə ali təhsil alanların sayı 164 min nəfərdir.
"Bu, ölkənin ümumi əhalisinin cəmi 1 faizi deməkdir, digər qonşu ölkələrlə müqayisədə azlıq təşkil edir. Qonşu Türkiyədə hazırda 8 milyona yaxın tələbə təhsil alır. Bu da ümumi əhalinin 10 faizi deməkdir. Fərqi görürsünüzmü?".
"Hazırda ölkədə tələbələrin 71 faizi öz hesabına, 29 faizi isə dövlət sifarişi əsaslnda təhsil alır. Məncə, pullu və pulsuz təhsil alanların sayında balans yaratmaqdansa, təhsil haqlarına güzəştlərin tətbiqi "daha effektiv" olardı", Kamran Əsədov deyir.
"Son 5 ildə ölkədə 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub" deyən Kamran Əsədov hesab edir ki, ölkədə ali təhsilli kadrların sayını artırmaq prioritet olmalıdır.
"Dövlət özü üçün kadr yetişdirməyə borcludur. Ölkədə rəqabətədavamlı iqtisadiyyatın formalaşması üçün ilk növbədə ali təhsilli kadrlara ehtiyacımız var. O kadrı yetişdirmək üçün də pul lazımdır. Buna görə də təhsil haqqına kömək etmək lazımdır.
Bu isə dövlət tərəfindən güzəştli kreditlərin verilməsini, ödənişli təhsil alanların sayını artırmağı, təhsil alanların təhsil haqqını ödəməsiylə bağlı güzəştlər tətbiq edilməsini zəruri edir".
Təhlilçi güzəştləri "neftdən gələn gəlirlərin təhsilə yönəldilməsiylə həyata keçirməyin mümkünlüyünü" bildirir.
ELƏCƏ DƏ BAX: Hökumət qızıl medallılarla nə edəcəyini bilmir
Hansı ixtisaslara qəbul sayının artırılması zəruridir?
Ayrılacaq əlavə dövlət sifarişli yerlərin hansı ixtisaslar arasında paylanmasına gəlincə, Kamran Əsədov düşünür ki, bu bölgüdə əsas pay tibb sahəsinə düşməlidir.
"Azərbaycanda bu dəqiqə ən çox peşəkar kadrlara ehtiyac duyulan sahə tibbdir. Daha sonra isə biznes və istehsalat iqtisadiyyatıdır ki, peşəkar və müasir standartların tələb etdiyi bilik və bacarığı olan kadrlara ehtiyac var".
Hazırda Azərbaycanda mövcud olan ənənəvi tarix, coğrafiya, ədəbiyyat, riyaziyyat üzrə yetəri qədər kadrların olduğunu bildirən təhlilçi hesab edir ki, bu ixtisaslara qəbul aparmaq "artıq xərcdir".
Güzəşt edilərsə, "çox yaxşı olar"
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Asim Mollazadə hesab edir ki, tələbələrin təhsil haqları reallığı əks etdirməlidir. "Təhsil Nazirliyi və aidiyyatı qurumlar ciddi araşdırma aparmalıdırlar. İxtisaslar üçün təyin olunmuş təhsil haqları əsaslandırılmalıdır".
Cənab Mollazadə hesab edir ki, təhsil haqlarının "azaldılması və reallığı əks etdirməsi" çox yaxşı olardı.
Dovlət sifarişli qəbul payının 20 faiz artırılmasına münasibət bildirən millət vəkili düşünür ki, bu artım ölkədə "ən çox ehtiyac duyulan ixtisaslara" aid edilməlidir.