Rusiyada daha bir məhsulun bazarı «qaynamağa» başlayıb.
FED.az xəbər verir ki, şimal qonşumuzda limonun qiymətinin kəskin artması gözlənilir. Buna səbəb Rusiyanı limonla təmin edən Türkiyədə məhsuldarlığın aşağı düşməsidir. Nəticədə gözlənilən məhsul qıtlığı və daşınma xərclərinin artımı səbəbindən limonun qiymətinin 25% artması gözlənilir.
Xatırladaq ki, ətrafdakı başqa ölkələri olduğu kimi, Rusiyanı da limonla əsasən Türkiyə və Msir təmin edir.
Bu il Türkiyədə havaların pis keçməsi nəticəsində məhsuldarlıq aşağı olduğu üçün limon qıtlığı yarana bilər, bununla əlaqədar olaraq Türkiyə tərəfi hətta limon ixracına müvəqqəti qadağa da tətbiq edib, amma cəmi bir neçə gündən sonra yerli biznesin təzyiqləri qarşısında bu qadağanı ləğv edib.
Əvəzində limonun qiyməti artıb. Belə ki, əvvəllər Türkiyə Rusiyaya limonu kiloqramı 130-140 rubldan satır, mağazalarda isə limonun qiyməti 180 rubl ətrafında dəyişirdi.
İndi isə Rusiya limonu Türkiyədən azı 180 rubla alacaq, onun satış qiyməti isə 220–230 rubl arasında olacaq.
Doğrudur. Regionda daha bir limon ixracatçısı da var – Misir, amma onun daşınma xərcləri daha yüksəkdir. Üstəlik, Misir limonlarının dadı daha turşdur və rəngi yaşıldır. İstənilən halda Misir limonlarının da qiyməti artacaq və 180–200 rubl arasında dəyişəcək.
Hələlik Rusiyaya ən keyfiyyətli limonları Çindən gətirirlər, amma onların qiyməti daha yüksəkdir – kiloqramı 350 manata. Bundan başqa, Rusiyaya limon tədarükü üçün alternativ ölkələr Argentina və Cənubi Afrika Respublikası ola bilər.
Rusiyanı müxtəlif meyvə tərəvəzlərlə, o cümlədən mandarinlə təmin edən Azərbaycan isə limon mövzusunda şimal qonşusuna ciddi bir şey təklif edə bilməyəcək. Belə ki, Azərbaycanın özü limonu xaricdən alır.
2024-cü ildə ölkəyə xaricdən ümumi dəyəri 20 milyon 104 min dollar olan 22 min 918 ton limon idxal edilib. Başqa sözlə, limonun 1 kiloqramının Azərbaycana idxal qiyməti 88 sent və ya 1,5 manat təşkil edib.
Azərbaycanın limon ixracı isə cüzidir – 2024-cü ildə ölkəmizdən xaricə ümumi qiyməti cəmi 9 280 dollar olan 11 ton 810 kiloqram limon ixrac edilib. Limonun Azərbaycandan ixracı üzrə orta qiyməti 78 sent və ya 1,33 manat olub.