İqtisadçı ekspert Samir Əliyev, koronavirus təhlükəsi, onun iqtisadiyyata mənfi təsirləri və belə vəziyyətdə, dövlət, özəl sektor və əhalinin atmalı olduğu addımlar barədə fikirlərini bölüşüb. İqtisadçı yazır:
İnsanları təşvişə salan koronavirus pandemiyası milli iqtisadiyyatlara milyardlarla zərər vurmaqda davam edir. Dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatının zərəri daha çoxdur. Bir tərəfdən neftin ucuzlaşması fonunda tədiyyə balansına pozitivlik verən neft gəlirlərinin azalması, digər tərəfdən də geniş karantin tədbirləri çərçivəsidə qeyri-neft sektorunun əsas lokomotivi olan xidmət və ticarət sektorlarının üzləşdikləri məhdudiyyətlər ümumi iqtisadiyyat üçün tənəzzül perspektivi vəd edir. Toyların, konsertlərin və digər kütləvi tədbirlərin təxirə salınması, restoranların, kafelərin iş saatlarının məhdudlaşdırılması ictimai iaşə və ticarət obyektlərinin gəlirlərini kəskin azaldıb. Əcnəbi turistlərin gəlişinin məhdudlaşdırılması isə turizm şirkətlərinin və mehmanxanaların fəaliyyətini demək olar ki, dondurub. Karantin tədbirlərinin nə qədər davam edəcəyi, yoluxu xəstəliyin nə vaxt aradan qaldırılacağı məlum deyil, ancaq xidmət və ticarət sektorunun bu vəziyyəti çox davam edə bilməz.
Eləcə də bax: "Hökumət koronavirusa görə əziyyət çəkən vətəndaşlara - DƏSTƏK VERMƏLİDİR"
Rəsmi məlumatlara inansaq təkcə mehmanxana və restoranların hesabına yaradılan gündəlik əlavə dəyər təxminən 5 milyon manat civarındadır. Topdan və pərakəndə ticarət gündəlik 21 milyon manat, nəqliyyat, anbar təsərrüfatı və rabitə sektoru 20 milyon manat yaranır. İndi hər gün bu dəyərin müəyyən hissəsini itiririk. Artıq böhran istehsal sektoruna keçməkdədir.
Bir çox ölkələr belə bir vəziyyətdə hökumət antiböhran tədbirləri görməyə başlayıb, bəziləri isə tezliklə başlayacaq. ABŞ-da prezident administrasiyası tərəfindən Kiçik Biznes Administrasiyasına koronavirusda əziyyət çəkən şirkətlərə kredit verməsini tapşırılıb. Bunun üçün Prezident Konqressi kreditləşmə proqramına əlavə olaraq 50 milyard dollar artırmağı çağırıb. Prezident Tramp eyni zamanda Xəzinədarlıq Departamentini virusdan əziyət çəkən şəxslərin və şirkətlərin vergi ödənişlərini təxirə çağırmağa çağırıb. Eyni zamanda əmək haqqında tutulan vergiləri (payroll tax - sosial sığorta və tibbi sığorta ödənişləri) 0 dərəcəyə qədər azaldılmasını təklif edib. ABŞ hökumətinin dəstəyi bununla bitmir. Danimarkada ƏDV üzrə ödənişlərə möhlət veriləcək. Avstraliyada biznesin xilası üçün investisiya, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün vergi güzəşti və pensiyaçılar üçün güzəştlər veriləcək. Çində və İtaliyada iqtisadiyyatın müdafiəsi üçün vergi güzəştləri tətbiq edilir. Britaniyada əhalinin həssas təbəqələri üçün vergi güzəştləri və kiçik biznes üçün ucuz kredit tətbiq edir və ƏDV-nin faiz dərəcəsinin azaldıması məsələsini müzakirə edir. Rusiyada iqtisadiyyatın dəstəkənməsi üçün 300 milyon rubl dəyərində Antiböhran Fondunun yaradılması, biznes üçün vergi tətilləri və karatində olan şəxslər üçün ödənişli məzuniyyət nəzərdə tutulur. Dövlət şirkətləri 6 ay müddtinədək dividend ödəməsi təxirə salınacaq. Ukraynada vergi güzəştlərinin və tətillərinin tətbiqi barədə müzakirələr gedir və əhaliyə və sahibkarıq subyektlərinə kredit dəstəyi veriləcək. Siyahını uzatmaq da olar.
Azərbaycanda da xarici ölkələrin təcrübəsindən çıxış edərək dövlət biznesə dəstək vermək barədə düşünməlidir. Ancaq burda həm də özəl sektor və əhali töhfəsini verməlidir.
Dövlətin dəstəyi:
- Turist şirkətlərinə, ictimai iaşə obyektlərinə və mehmanxanalara vergi tətilinin verilməsi;
- 2020-ci ilin I rübü üzrə vergi hesabatlarının verilməsində qanunvericiliyin pozulması hallarına görə cərimələrin tətbiqinin dayandırılması;
- Vergi yoxlamalarının 1-2 ay müddətinə dayandırılması
- Banklara verilən likvidliyin gücləndirilməsi üçün Mərkəzi Bank tərəfindən keçirilən depozit hərraclarında cəlb edilən depozitlərin həcminin artırılması
- Kommunal ödənişlərin (işıq, qaz, su) ilkin olaraq 1-2 ay dayandırılması. Eyni zamanda kommunal xidmətlərlə təminatda fasiləsizliyin təmin edilməsi
- Iqtisadi aktivliyin təmin edilməsi üçün yanacağın (A-92, dizel və s.) qiymətinin ucuzlaşdırılması
- Ərzaq və dərman ləvazimatlarının idxalında yaşıl dəhlizin təmin edilməsi
- Nağdsız ödənişləri dəstəkləmək üçün taksi xidmətləri (UBER, BOLT) zamanı kart vasitəsilə ödənişə tətbiq edilən ƏDV-nin ləğvi
- Otellər və ictimai iaşə obyektlərinin illik əmlak vergisindən azad edilməsi
- Dövlət şirkətlərinin dividend ödənişinin (məsələn, Beynəlxalq Bank) ilin birinci yarımilliyində dayandırılması
- Lüks əşyaların idxalına tətbiq edilən gömrük rüsumlarının artırılması
- Kiçik və Orta Biznesin İnkişafına Agentliyinin (KOBİA) üzvü olan KOS-ların ödədikləri verginin məbləği əsasında dərəcələndirilməsi və ona uyğun birdəfəlik yardımın edilməsi.
Özəl sektorun töhfəsi:
- Öz işçilərinin mümkün qədər evdə işləməsi mexanizminin təmin edilməsi. İmkan daxilində işçilərin ödənişli məzuniyyətə göndərilməsi;
- İnternet provayderləri tərəfindən abunəçilərini ilkin olaraq 1-2 ay müddətində fasiləsiz internetlə təmin etməsi;
- Bankların 2 ay müddətinə kredit faizlərinin ödənilməsini dayandırması
- Mobil operatorlar abunəçiləri üçün aylıq internet və danışıq limitini artırması
- Otellər və ictimai iaşə obyektləri illik əmlak vergisindən azad olduğu üçün sahibkarın icarəyə verdiyi obyekti bir müddət icarə haqqından azad etməsi
Əhalinin isə ərzaq məhsullarının izafi alışından çəkinməsi, kütləvi tədbirlərdə iştirakdan çəkinməsi yaxşı olardı.
Dövlətin və özəl sektorun öhdəliklərini maliyyələşdirmək üçün dövlət tərəfindən ilkin olaraq 100 milyon manat həcmində Antiböhran Fondu yaradılmalıdır.