FED.az xəbər verir ki, mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
Әmək Məcəlləsində edilmiş dəyişikliklərin əsaslandırılması ilə bağlı fikirlər səsləndirilərkən bildirilirdi ki, bəzi düzəlişlər Beynəlxalq Әmək Təşkilatının konvensiya və tövsiyələrinin tələbləri əsasında həyata keçirilib. Bu baxımdan, Beynəlxalq Әmək Təşkilatının “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyası və həmin Konvensiyaya dair “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli Tövsiyəsinin 21-ci bəndinin 3-cü hissəsi natamam iş vaxtı ilə bağlı müddəanı əhatə edir.
Həmin hissədə qeyd edilir ki, yarımştat (natamam iş vaxtı ilə çalışan) işçilərə vakant iş yeri yarandıqda və onları yarımştat işə cəlb etməyə səbəb olan hallar artıq mövcud olmadıqda tam ştatlı iş əldə etmək və ya tam ştatlı məşğulluğa qayıtmaq imkanı verilməlidir.
Məhz bu səbəbdən də Әmək Məcəlləsinin 94-cü maddəsinin 4-cü hissəsi yeni redaksiyada təsdiq edilib. Həmin hissəyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər aradan qalxdıqda, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün müvafiq tədbirlər görməlidir.
Misal 1: İşəgötürən işçinin xroniki xəstəliyi olan uşağının səhhəti ilə əlaqədar müraciətini nəzərə alaraq, onun tam iş vaxtından natamam iş vaxtına keçirilməsini təmin edib. Müəyyən müddət keçdikdən sonra işçi müraciət edərək uşağının səhhəti ilə bağlı problemlərin aradan qaldırıldığını və tam iş vaxtına qayıtmaq istədiyini bildirir. Bu halda işəgötürən Əmək Məcəlləsinin 94-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olaraq, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməlidir.
Misal 2: İşəgötürən başqa iş yerində əsas iş yeri olan işçini əlavə iş yeri üzrə işə qəbul edib. İşçi əlavə iş yeri üzrə çalışdığı üçün Əmək Məcəlləsinin 58-ci maddəsinin tələbləri çərçivəsində natamam iş vaxtı ilə işləyir. Daha sonra işçi əsas iş yerində əmək müqaviləsinə xitam verildiyini əsas gətirərək, həmin iş yerində tam iş vaxtı ilə çalışmaq istədiyini işəgötürənə bildirir. Bu halda da işçinin tam iş vaxtında çalışması üçün müvafiq tədbirlərin görülməsi tələb olunur.
Bəs ailə vəzifələri olan işçi üçün gecə vaxtı yerinə yetirilən işlə bağlı fərqli yanaşma tətbiq edilirmi?
Qeyd etdik ki, Beynəlxalq Әmək Təşkilatının “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasının tələblərinə əsasən, “ailə vəzifələri olan işçi” anlayışı Әmək Məcəlləsinə daxil edilib. Həmin Məcəllənin 94-cü maddəsinə əlavə olunmuş 4-cü hissəyə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.
Maddənin tələblərindən göründüyü kimi, işəgötürən iki halda — növbəli iş vaxtı rejimini təşkil edərkən və gecə növbəsinə işə təyin edilərkən — ailə vəzifələri olan işçinin ehtiyaclarını nəzərə almalıdır.
Misal 3: İşəgötürən müəssisədə ikinövbəli iş rejimi müəyyən edib. Birinci növbə saat 08:00-da başlayıb 20:00-da bitir, ikinci növbə isə saat 20:00-da başlayıb saat 08:00-də bitir. Növbəli iş rejimi tərtib edilərkən işçilərdən biri ailəsində xüsusi qulluğa ehtiyacı olan yaxın ailə üzvünün olması barədə müvafiq sənəd təqdim edir. İşçi müraciətində bildirir ki, mümkündürsə, yalnız birinci növbədə işləməsinə şərait yaradılsın. Bu halda işəgötürən işçinin müraciətini nəzərə almalıdır.
Misal 4: Müəssisədə dördnövbəli iş rejimi müəyyən edilib. Növbəli iş rejimində çalışan işçi övladının tibbi qulluğa ehtiyacı olmasını təsdiq edən tibbi sənədi işəgötürənə təqdim edir. O, müraciətində xahiş edir ki, iş qrafiki müəyyən edilərkən onun gecə növbəsində çalışmaması nəzərə alınsın. Lakin işəgötürən bildirir ki, müraciəti təmin etmək mümkün deyil və səbəb kimi növbəli iş rejimində çalışan digər işçilərin də ailə vəzifəli şəxslər olmasını göstərir.
Bu baxımdan, maddədə də qeyd edildiyi kimi, işəgötürən yalnız mümkün olduğu hallarda işçinin müraciətini nəzərə almağa borcludur. (vergiler.az)













