4 noyabr 2026-cı il tarixində SOCAR ilə “Comstock” şirkəti arasında “Legacy Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 20 faizinin, “Western Haynesville” layihəsi üzrə “upstream” aktivlərindəki iştirak payının 15 faizinin, eləcə də “Pinnacle Gas Services LLC”də “Comstock”a məxsus 73 faizlik iştirak payının 15 faizinin əməliyyatların idarə edilməsində iştirak hüququ olmadan SOCAR tərəfindən alınmasına dair yekun alqı-satqı müqaviləsi imzalanıb.
FED.az xəbər verir ki, müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri, alış qiymətinə standart düzəlişlərin tətbiqi şərtilə 1,65 milyard ABŞ dolları təşkil edir.
SOCAR-ın “Western Haynesville” layihəsi üzrə kəşfiyyat və hasilat aktivlərindəki iştirak payı beş il keçdikdən və SOCAR həmin aktivlərə yatırdığı investisiyadan 15 faiz gəlirlilik əldə etdikdən sonra 7,5 faizə endiriləcək.
Əməliyyatın qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyən edilib.
Sövdələşmənin yekunlaşması üçün müvafiq dövlət qurumlarından razılıqların alınması və qanunvericiliyə uyğun digər hüquqi prosedurların icrası həyata keçirilir.













