Vəkillər Kollegiyasının üzvlərinin vahid reyestri yaradılacaq. FED.az xəbər verir ki, bununla bağlı Kollegiyanın iclasında qərar verilib.
Vəkillərin reyestri Ədliyyə Nazirliyinin Notariat və qeydiyyat baş idarəsinə təqdim ediləcək. Bildirilib ki, hazırda notariat orqanları müvəkkillərin vəkillərə verdiyi etibarnamələrin təsdiqi ilə bağlı vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi zamanı çətinliklərlə qarşılaşırlar. Çünki bir sıra hallarda vəkillər notariat orqanlarına bu kimi məsələlərlə bağlı müraciət edərkən onların üzərində onların səlahiyyətlərini təsdiq edən vəkil vəsiqələri olmaya bilir və ya hər hansı obyektiv səbəbdən vəkil öz vəsiqəsinin dəyişidirilməsi üçün Rəyasət Heyətinə müraciət etməli olur ki, belə olan halda vəkilin səlahiyyətini müəyyən etmək notariat orqanları üçün çətinlik yaradır.
Məsələ ilə bağlı Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestrinin notariat elektron sisteminə qoşulması üçün müvafiq məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması qərara alınıb.
Bundan başqa, Kollegiyanın iclasında uzun illərdir istifadə olunan və müasir günün tələblərinə cavab verməyən vəkil qurumları və fərdi vəkillərin statistik hesabatlarının yeni nümunəsi təsdiq olunub. Eləcə də vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin sorğularının göndərilməsinin daha da asanlaşlaşdırılması barədə qərar qəbul olunub.