Bu il iyulun 1-dən etibarən Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq ediləcək.
FED.az xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bununla bağlı Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.
Məcəlləyə edilən dəyişikliklərin əsas hissəsi şçilərin istirahət vaxtının artırılması ilə bağlıdır.
Əmək Məcəlləsində beşgünlük və altıgünlük iş həftələri ilə yanaşı, 4 günlük iş həftəsi də nəzərdə tutulub. Qeyd edilir ki, iş həftəsinin müddəti tərəflər arasında razılaşmaya əsasən müəyyən olunur. Bəzi təşkilatlarda beşgünlük və altıgünlük iş həftələri növbələşdirilə bilər.
İş həftəsinin uzunluğundan asılı olmayaraq bazar günü ümumi istirahət günüdür. Beşgünlük və altıgünlük iş həftəsində ikinci və üçüncü istirahət günləri kollektiv müqaviləyə və ya əmək intizamı qaydalarına əsasən müəyyən olunur.
Dördgünlük, beşgünlük və altıgünlük iş həftələrində iş günündən əlavə iş müddəti ayda 12 saatdan çox, iş vaxtının məcmu uçotu müəyyən edilən hallarda isə ildə 120 saatdan çox olmamalıdır. Amma bu Qazaxıstanda 4 günlük iş həftəsinə keçid demək deyil, bu ölkədə indiyədək olduğu kimi, 5 günlük və 6 günlük iş həftəsi də olacaq. Sadəcə razılaşma əldə edilsə, işçilər 4 gün də işləyə biləcəklər.
Qeyd edək ki, dünyada 4 günlük iş həftəsinə keçid son illər müzakirə edilir. Bəzi ölkələrdə buna icazə verilib, amma bu işəgötürənlə işçi arasında razılaşma ilə müəyfən olunacaq. Məsələn, Belçika, Avropa Biriliyində ilk dəfə 2022-ci ilin noyabrında başlayaraq işçilərə həftəlik iş saatlarını 5 deyil, 4 gündə tamamlamağa icazə verən ilk ölkə olub. Amma hazırda Belçikada işçilərin cəmi 0,73 faizi həftədə 4 gün işləyir. İşçi sayı 1000-dən az olan yerlərdə isə bu daha çətindir.