Bakı şəhəri üzrə əmək pensiyaları sabah hesablara köçürüləcək. FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
Onun sözlərinə görə, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyi üçün əmək pensiyalarının Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün gecikib:
"Köçürülmə yanvar ayının 16-da həyata keçiriləcək. Sonrakı mərhələdə maliyyələşdirmə, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa çatdırılacaq”.
Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda əmək pensiyalarının etibarlı maliyyə təminatı sistemi əmək pensiyalarının müvafiq qrafik əsasında maliyyələşdirilməsi işlərinin cari ildə də normal qaydada davam etdirilməsinə imkan yaradacaq.