Azərbaycan əhalisinin ümumi sayının 50,1%-i qadınlar, 49,9 %-i kişilər təşkil edir. 2017-2018-ci illər üçün əhalinin bəzi sahələr üzrə gender bölgüsünə nəzər yetirək. Məsələn, ölkəmizdə iqtisadi fəal əhalinin 62,9%-i qadınlar, 69,7%-i kişilər təşkil edir. Müqayisə üçün deyək ki, bu rəqəmlər Türkiyə Respublikası üçün qadın 30,2%, kişi 71,2%, eləcə də, Amerika Birləşmiş Ştatları üçün qadın 57,0%, kişi 69,2% nisbətindədir. Ölkəmizdə ümumi məşğulluğun səviyyəsinə baxdıqda isə 59,2% qadın, 66,9% kişilərin olduğunu görərik.
Bu rəqəmlər ölkəmizdə parlamentə seçilənlərin sayında ciddi fərq nisbəti yaradır. Belə ki, burada qadınlar 20 nəfər, yəni 16,1 %, kişilər isə 104 nəfər, yəni 83,9% təşkil edir.
Milli müstəqillik dövründə imzalanan 1998-ci il 14 yanvar tarixli Fərmanla gender siyasətinin həyata keçirilməsi məqsədini daşıyan "Qadın Problemləri üzrə Dövlət Komitəsi"nin yaradılması, 2000-ci ildə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanın imzalanması gender balansının nizamlanması yolunda atılan mühüm addımlardandır. Fərmanda qadınların dövlət qurumlarında rəhbərlik səviyyəsində bərabər təmsilçiliyinin təmin edilməli olduğu öz əksini tapmışdır.
10 oktyabr 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanun"unu qəbul edildi. Bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.
Azərbaycanda gender balansın qorunması istiqamətində qəbul edilmiş Qanunlar, Qanunlara bu xüsusda əlavə edilmiş dəyişikliklər bir daha sübut edir ki, ölkəmizdə bu işə dövlət birbaşa nəzarət edir.
Azərbaycanda qadın və kişilərin bərabər hüquq və imkan azadlıqları siyasətinin əsas məqsədi ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının bərabər səviyyədə qorunmasıdır. İdarəçilikdə və qərar qəbul etməkdə qadın və kişilərin bərabər iştirakı üçün şərait yaradılır ki, bu da demokratik təmsilçiliyin yaxşılaşdırılmasına və inkişafına xidmət edir. Qadın və kişilərin biznesdə, əmək bazarında bərabər iştirak edə bilməkləri üçün, eyni zamanda hər bir vətəndaşın iqtisadi inkişafı üçün şərait yaradılarsa, bu da öz növbəsində iqtisadiyyatın inkişafında səmərəli nəticələrin əldə olunmasına kömək edəcək. Bu gün Azərbaycanda istənilən sahədə qadınlara rast gəlmək mümkündür və bu sevindirici bir haldır. Bu həm də onu göstərir ki, qadınlar heç də kişilərdən aciz və zəif deyildirlər.
Gender balansının qorunmasında rol oynayan mühüm amillərdən təhsildir. Təhsil insanların təbiətə, cəmiyyətə, təfəkkür hadisələrinə olan elmi, fəlsəfi, tibbi, bioloji, fizioloji, əxlaqi, etik, estetik, sosial, siyasi, hüquqi, psixoloji, pedaqoji, dini biliklərin, ideya və əqidələrin formalaşdırılmasında müstəsna rol oynayaraq, ictimai münasibətlərdə davamlı iştirak edən, ictimai inkışafın önündə gedən şəxsiyyətlərin yetişməsini təmin edir.
Azərbaycanda məşğul əhalinin təhsil səviyyəsinə diqqət yetirsək, qadınların 13,8%-i, kişilərin 19,1%-i ali təhsillidir. Əlbəttə sadalanan bütün bu rəqəmlər əvvəlki illərlə müqayisədə xeyli irəliləyişin olduğunu göstərir, lakin yenə də gender balansında böyük fərqlərin olduğunu görürük.
Dövlətimizin təhsilə olan qayğısı "Azərbaycan Respublikasının Təhsil Qanunu"nda təsdiq olunmuş şəkildə ifadəsini tapır. Təhsilin həyata keçirilməsində bərabər hüquqlar gözlənilir, Qanunun 5.2., 42.1. maddələrində bu məsələ aydın şəkildə öz əksini tapır.
"Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanun"unun 13-cü maddəsi "Təhsil hüququnun həyata keçirilməsində bərabər imkanlar"ın yaradılmasını təmin edir. Burada göstərilir ki, dövlət kişi və qadınlara təhsil almaq üçün bərabər imkanlar yaradır. Deməli, qadınların təhsillə bağlı bütün məsələlərdə kişilərlə eyni hüquqa malik olmasını dövlət özü tənzimləyir.
Baxmayaraq ki, Respublikamızda vəzifədə və ictimai işlərdə iştirak edən qadınların sayı durmadan artır, lakin təəssüflər olsun ki, bu gün ölkəmizin bəzi bölgələrində hələ də qızların təhsildən kənarda qalması kimi faklara rast gəlirik. Bu müxtəlif səbəblərdən baş verir. Daha çox erkən nikahlar bu prosesin taleyini həll edir.
Erkən yaşda nikaha təhrik edilən qəhrəmanlarımızdan biri Nurlana İsmayılova ilə söhbət etdik və Azərbaycanda bu məsələnin kökündə dayanan səbəbləri onun simasında araşdırmağa çalışdıq.
Nurlana 2000-ci ildə anadan olub. Hər bir qadın kimi onun da özünəməxsus arzuları, istəkləri var idi. O da əvvəlcə təhsil almaq, peşəyə yiyələnmək, həyatını istədiyi kimi qurub yaşamağı düşünürdü. Amma tale ona öz doğma valideynlərinin əli ilə oyun oynayır. Hələ 15 yaşı olanda onu kəndlərində yaşayan özündən 13 yaş böyük Rəcəbə ərə verirlər. O gün hamı toyun sevincini yaşayır, təkcə Nurlanadan başqa. Bu körpə qız öz xəyallarını, arzularını toy sədaları altında dəfn edir həmin gün. Artıq onun nə təhsilini davam etdirmək, nə də istədiyi həyatı qurmaq şansı qalır. O, arzularımdan əl çəkib, ailə həyatına öyrəşməyə, ümidlərimi buna bağlamağa çalışır. Qəhrəmanımın dediyinə görə ilk vaxtlar hər şey yaxşı idi, o, artıq yeni həyatına alışmağa başlayırdı. Amma bu xoşbəxtlik uzun sürmür. Ana olacağını öyrənən Nurlananın acınacaqlı günləri elə burdan başlayır. Bədbəxt qadın heç bu xoşbəxtliyin sevincini yaşaya da bilmir. Oğlan uşağının arzusunda olan Rəcəb ilk aylardan, ona qızları olacağı halda onu tələf etməyi məsləhət görür, əks təqdirdə atasının evinə qayıdacağı ilə hədələyir. Nurlana deyir ki, o, uşağını tələf etmək istəmədiyim üçün ərinə yalan danışıraq, oğlu olacağını deyir. Amma bu yalandan sonra hamiləliyi başa vurana qədər həyəcan və qorxu içərisində yaşadığını da gizlətmir.
Beləcə 9 ayın tamamında Nurlananın xoşbəxtliyinin yeganə səbəbi- qızı dünyaya gəlir. Qadın əvvəl elə düşünür ki, əri uşağı görsə, ürəyi yumşalacaq, onu sevəcək. Amma heç nə onun gözlədiyi kimi olmur. Əri onu övladıyla bərabər evdən qovur, daha doğrusu, evə buraxmır. Nurlana qucağında körpəsi ata evinə qayıtmağa məcbur qalır. Əvvəllər bir boğaza baxmağa çətinlik çəkən ata indi həm Nurlanaya, həm də onun körpəsinə baxmağa məcbur qalır. Çünki bu fəlakətin banisi elə o özü olmuşdur. Artıq 2 ildir ki, Nurlana burada, atasının evində yaşayır. İlk vaxtlar iş tapa bilmədiyi üçün bir çox çətinliklərlə üz-üzə qaldığını da etiraf etdi qəhrəmanım.
İndi Nurlana həyata qızının əlləri ilə tutunur. Gənc ananın yeganə arzusu qızının taleyinin onun taleyinə bənzəməməsidir. Uşaq yaşında qucağına verilən bu uşaq artıq onun yeganə təsəllisi və ümididir. Ata-anası isə bu ümidin gözlərinə baxa-baxa mənəvi iztirab və yorğunluq keçirirlər. Çünki Nurlananın dəfn etdiyi son ümidinin yas mərasimini bilavasitə valideynləri təşkil etmişdilər.
Artıq hər şey geridə qalıb. İndi Nurlana yas mərasimlərində qab yuyaraq gündəlik çörək pulu qazanır, beləcə yenicə cücərmiş ümidinə qol-qanad gərməyə çalışır. Nurlana bu işi tapa bildiyinə belə sevinir, çünki o, hətta orta təhsilini də başa vura bilməyib.
Bəs, nikah bağlamışdınızmı, sualına Nurlana gözlərini yerə dikib, rəsmi nikahımız yox idi, yalnız kəbin olmuşdu cavabını verdi.
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Qanuna görə 18 yaşına çatmayan şəxslər uşaq hesab olunurlar. Eyni zamanda hər bir uşağın təhsil almaq hüququnun olduğu da dövlət tərəfindən rəsmiləşdirilib. Nurlana ərə veriləndə isə cəmi 15 yaşı var idi. Digər bir maddəyə görə uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağandır. Nurlana isə uşaq olduğu halda zorla ərə verilir və beləliklə də təhsildən yayındırılır. Halbuki nikah qanununa (34.2) əsasən nikah könüllü razılıq əsasında bağlanılmalıdır, heç kim zorla evləndirilə bilməz.
Lakin bu o demək deyil ki, ölkəmizdə yalnız qızlar təhsildən yayınırlar. Burada oğlanların da təhsildən yayınması faktları kifayət qədərdir və hər iki hal cəmiyyətin inkişafına öz mənfi təsirini göstərməkdədir. Gender balansını qorumaq üçün həm qızların, həm də oğlanların həyatında təhsilin əhəmiyyətinə nəzər yetirək.
Beləliklə, təhsil insanların dövlətin iqtisadi və sosial inkişafında, vətəndaş mövqeyinin yaranmasında, şəxsi mülahizə yürütmək, fikir söyləmək qabiliyyətlərinin formalaşmasında, azad düşüncəli, sağlam iradəli gənclərin həyata hazırlanmasında, onların sağlam övladlar yetişdirməsində, insanların istər sosial, istərsə də mənəvi azadlıqlarının təmin olunmasında, qadınların ictimai həyatda rolunun gücləndirilməsində, qadınların siyasi iştirak və təmsilçiliyinin artırılmasında mühüm rol oynayır.
Dövlətin, cəmiyyətin, gələcək müqəddəratının qorunmasının əsasında təhsil dayandığı üçün övladlarımızı təhsildən yayınmasına mane olmalı, onların lazımi savad, bilik, istedada yiyələnməsində əlimizdən gələni əsirgəməməliyik. Bu, hər birimizin həm sosial, həm ictimai, həm hüquqi, həm də mənəvi və vicdani borcudur.
Təhsildən yayınmanın törədə biləcəyi fəsadları da araşdırdıq. Burada əsasən bir neçə səbəbi xüsusi qeyd etmək olar.
Birincisi, ata-ana övladalrını bərabər böyütməli və hər ikisi onların tərbiyəsiylə ciddi məşğul olmalıdırlar. Yəni bu, onların hər ikisinin vicdani və vəzifə borcudur. Belə çıxır ki, istər qızlar, istərsə də oğlanlar təhsildən kənarda qalmaqla gələcəkdə dünyaya gətirəcəkləri övladlarının da müqəddəratları ilə oynamış olacaqlar. Beləliklə də cəmiyyət, dövlət üçün lazım olan hərtərəfli inkişaf xüsusiyyətlərinə malik gənclər yetişə bilməz.
İkincisi sırf qadınlarla bağlı məsələdir. Uşaq yaşda ərə verilən və ya hansısa səbəbdən təhsildən yayındırılan qızlar psixoloji travma alırlar ki, bu da sonradan həm onlarda, həm də dünyaya gətirdikləri övladlarında bir çox xəstəliklərin olacağına zəmin yaradır. Bu isə birbaşa cəmiyyətin inkişafına mənfi təsir edən faktordur.
Halbuki türk qadını hər zaman, sağlam bədənli, sağlam ruhlu övladlar dünyaya gətirmiş, onların layiqli yetişdirilməsində ərinin ən böyük yardımcısı olmuş, hətta lazım gələrsə, əri ilə çiyin-çiyinə at belində düşmənlə döyüşlərə qatılmışdır. Təkcə xalqımızın milli-mənəvi sərvəti olan "Kitabi-Dədə Qorqud" dastanını xatırlamaq kifayətdir. Burada qadına verilən dəyərin ən yüksək ifadəsi öz bədii əksini tapmışdır. Bamsı Beyrəyin sevgilisinin onunla güləşməsi, at minməsi, yarış etməsi, onunla ehdi-peyman bağlaması səhnələri türk qadınının cəsurluğunu, sədaqətini, əzəmətini bir daha təsdiqləyir.
Deməli, şifahi xalq ədəbiyyatı nümunələrində qadınlar haqqındakı "Qadın haqqı Tanrı haqqıdır", "Qadın müqəddəsdir" və s. bu kimi hikmətli sözlər elə-belə yaranmamışdır.
Azərbaycanın ilk diplomat qadını Sara xatunun türkün tarixində əvəzsiz xidmətləri olmuşdur. Yenə tarixə nəzər yetirsək görərik ki, Azərbaycan qadınları siyasi və dövlət xadimləri kimi tarixdə qalmağı bacarmışlar.
Heç də təsadüfi deyil ki, Azərbaycan Cümhuriyyəti Şərqdə ilk dəfə qadınlara seçki hüququ vermişdir.
Sadalanan və sadalanmayan bütün faktlar Azərbaycanda qadınların hər zaman kişilərlə bərabər imkanlara malik olmasının, bugünkü terminlə desək, gender bərabərliyi balansının qorunmasının tarixi köklərə söykəndiyini sübut edir.
İndi məqalənin adıyla bağlı məsələyə qayıdaq. Yuxarıda da dediyimiz kimi gender balansının nizamlanması və qorunmasında dövlət siyasəti yüksək səviyyədə aparılır, bu məsələ qanunlarla tənzimlənir. Milli ənənələrimiz, qanunlarımız gender balansının inkişafına yönəlmişdir və onu stimullaşdırır. Deməli, qanuni nöqteyi-nəzərdən hər şey normaldır. Onda bəlkə problem cəmiyyətdədir ki, biz bu məsələlərə lazımi qədər ciddi yanaşmırıq?
Reyhan Mənəfova
Məqalə Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin (GİZ) "Gender hüququ:
gender balansın stimullaşdırılmasında mediyanın rolu"
mövzusundakı müsabiqə üçün hazırlanıb.
Nurlananın başına gələnlərin səbəbi nədədir? - MƏQALƏ
14:46
26 Okt 2018