Xəbər verildiyi kimi, bu gün mayın 17-də Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) başlayıb.
Bakıda Qlobal Şəhərsalma Forumu - WUF13 başlayır - “Dünyanı Evlə Təmin Etmək"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən və mayı 22-dək davam edəcək qlobal tədbir “Dünyanı evlə təmin etmək: Təhlükəsiz və davamlı şəhərlər və icmalar” şüarı altında keçirilir. Artıq Forumun ilk iclasları işə başlayıb, onun işində iştirak etmək üçün 30 minə yaxın qonağın Azərbaycana gəlməsi gözlənilir.
Azərbaycanın turizm və otel idarəçiliyi üzrə tanınmış eksperti «SKAL Azərbaycan»ın rəhbəri Ceyhun Aşurov FED.az biznes və maliyyə xəbərləri portalı ilə sözügedəqn tədbirin dünya və Azərbaycan, xüsusilə də Azərbaycanın turizm sektoru üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Ceyhun Aşurov yazır:
BMT-nin ən nüfuzlu urbanizasiya platformalarından biri olan BM İnsan Məskunlaşma Proqramı tərəfindən təşkil edilən World Urban Forum 13 tədbirinin turizm, şəhər inkişafı və dayanıqlı gələcək baxımından əhəmiyyətindən danışmaq istərdim.
2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Forumun məqsədi bu gün dünyanın üzləşdiyi ən aktual problemlərdən biri olan sürətli urbanizasiya və onun icmalara, şəhərlərə, iqtisadiyyata, iqlim dəyişikliyinə və siyasətlərə təsirini araşdırmaqdır.

2026-cı ildə bu forumun Bakıda keçirilməsi əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasında 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olunması yalnız memarlıq və infrastruktur deyil, həm də dayanıqlı şəhər idarəçiliyi sahəsində də yeni mərhələnin başlandığını göstərir.
Bu gün Azərbaycanda urbanizasiya səviyyəsi 58,6 faiz təşkil edir. Ölkəmizdə 79 şəhər və 263 qəsəbə mövcuddur. Bu statistika onu göstərir ki, şəhərlərin inkişafı artıq yalnız tikinti məsələsi deyil; sosial rifah, turizm, ekologiya və iqtisadiyyatın birgə idarə olunması məsələsinə çevrilib.
WUF13-ün əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”dır. Bu mövzu təsadüfi seçilməyib. Çünki hazırda dünyada təxminən 3 milyard insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır, 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində məskunlaşıb, 300 milyondan artıq insan isə evsizlik problemi ilə üzləşir. Müharibələr,İqlim dəyişikliyi, sosial bərabərsizlik və sürətli urbanizasiya bu problemləri daha da dərinləşdirir.
Turizm sektoru üçün isə bu tədbirin çox ciddi strateji əhəmiyyəti var.
Doğrudur tədbirlə əlaqədar 30 mindən çox insan 180 ölkədən qeydiyyatdan kecmişdir, turizm sənayesi olaraq ölkəmizə bu tədbirə gələn qonaqların sayı, otel rezervləri elə də çox deyil. Lakin yaxın coğrafiyamızda olan gərginlikləri nəzərə alsaq bu mötəbər tədbirin baş tutması Azərbaycanın uğurudur.
İlk növbədə, forum Azərbaycanın beynəlxalq imicini daha da gücləndirəcək. Gələn xarici nümayəndə, investor, media təmsilçisi, urbanist, akademik və biznes liderinin Bakıya səfəri ölkəmizin təhlükəsiz, müasir və qonaqpərvər ölkə kimi tanınmasına töhfə verəcək. Tədbirin yaratdığı beynəlxalq tanıtım effekti forum bitdikdən sonra da digər tədbirlərdə olduğu kimi davam edəcək.
İkinci mühüm məsələ biznes və tədbir turizmidir. Dünyada MICE turizmi — yəni görüşlər, konfranslar, sərgilər və beynəlxalq forumlar turizmi — ən yüksək gəlir gətirən istiqamətlərdən biridir. Bakı artıq Formula 1 Azerbaijan Grand Prix, COP29 və digər beynəlxalq tədbirlərlə bu sahədə mühüm təcrübə qazanıb. WUF13 isə Bakının regional tədbir və urban turizmi mərkəzi kimi mövqeyini daha da gücləndirəcək.
Forum çərçivəsində otellər, restoranlar, nəqliyyat sektoru, turizm agentlikləri, bələdçi xidmətləri və xidmət sənayesinin digər sahələrində ciddi hazırlıq görülmüşdür. Bu, həm dövlət, həm özəl sektor, həm də kiçik sahibkarlar üçün sınaq və imkanlar deməkdir.
Digər mühüm istiqamət şəhər infrastrukturunun inkişafıdır. Belə tədbirlər yalnız qısamüddətli iqtisadi fayda yaratmır, eyni zamanda uzunmüddətli urban inkişaf prosesini sürətləndirir. Tədbir üçün yaradılan yeni nəqliyyat həlləri, rəqəmsal xidmətlər, yaşıl ictimai məkanlar və müasir turizm infrastrukturu gələcək turist axını üçün də mühüm baza yaradır.
WUF13-ün ən vacib xüsusiyyətlərindən biri isə inklüzivlik və dayanıqlılıq yanaşmasıdır. Otellər, restoranlar, muzeylər və turizm məkanlarında geniş monitorinqlər aparılır. Bu yanaşma gələcəkdə Azərbaycanın daha inklüziv turizm destinasiyasına çevrilməsinə töhvə verəcək.

Urbanizasiya artıq yalnız memarlıq deyil; texnologiya, turizm, ekologiya, sosial siyasət və innovasiyanın birləşdiyi sahəyə çevrilib.
WUF13 yalnız bir forum deyil. Bu tədbir Azərbaycanın beynəlxalq turizm xəritəsində mövqeyini daha da gücləndirmək, Bakını regional urban və tədbir turizmi mərkəzinə çevirmək, eyni zamanda daha yaşıl, daha təhlükəsiz və daha inklüziv şəhər modeli formalaşdırmaq üçün tarixi fürsətdir.
İnanıram ki, bu forum həm şəhərlərimizin gələcəyinə, həm də turizmin dayanıqlı inkişafına öz töhfəsini verəcək.






![World Urban Forum dünyaya və Azərbaycana nə verəcək? –[red] CEYHUN AŞUROV YAZIR[/red] | FED.az](upload/news/small/4435361.png)
![World Urban Forum dünyaya və Azərbaycana nə verəcək? –[red] CEYHUN AŞUROV YAZIR[/red] | FED.az](upload/news/small/3973638.jpg)
![World Urban Forum dünyaya və Azərbaycana nə verəcək? –[red] CEYHUN AŞUROV YAZIR[/red] | FED.az](upload/news/small/944643.png)








