Bu gün, mayın 17-də Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən və mayı 22-dək davam edəcək qlobal tədbir “Dünyanı evlə təmin etmək: Təhlükəsiz və davamlı şəhərlər və icmalar” şüarı altında keçirilir.
Artıq Forumun ilk iclasları işə başlayıb, onun işində iştirak etmək üçün 30 minə yaxın qonağın Azərbaycana gəlməsi gözlənilir.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumu ilk dəfə 2001-ci ildə BMT tərəfindən sürətli urbanizasiya, qlobal yaşayış böhranı və iqlim dəyişikliyinin şəhərlərə təsirini müzakirə etmək məqsədilə təsis edilib. Hər iki ildən bir keçirilən bu forum qanunverici xarakter daşımayan, lakin şəhərsalma sahəsində dünyanın əsas müzakirə platforması sayılır.
Azərbaycanın ev sahibliyi etdiyi WUF13 forumu dünyada şəhərsalma və evlə təmin olunma sahəsində maraqlı bir dövrdə keçirilir. Forum iştirakçıları təxminən 3 milyard insanın qeyri-qənaətbəxş mənzil şəraitində yaşadığı və 1,1 milyarddan çox insanın gecəqondularda həyat sürdüyü bir dünyada şəhərsalma problemlərini müzakirə edəcəklər.
WUF13 çərçivəsində dövlət rəsmiləri, müxtəlif şəhərlərin merləri, vətəndaş cəmiyyəti və biznes liderlərinin iştirakı ilə genişmiqyaslı assambleyalar təşkil olunacaq. Forumun açılış günündə Azərbaycanın sədrliyi ilə "Yeni Şəhər Gündəliyi" üzrə Nazirlər İclası keçiriləcək.
Proqrama Qadınlar, Gənclər, Yerli və Regional Hakimiyyətlər və Biznes assambleyaları daxildir. Həmçinin, forum tarixində ilk dəfə olaraq Qlobal Su Operatorları Tərəfdaşlığı Alyansının (GWOPA) Assambleyası da məhz Bakıda, bu tədbir çərçivəsində baş tutacaq.
Tədbir müddətində qlobal mənzil böhranı, iqlim-mənzil əlaqəsi, şəhər maliyyələşməsi və qeyri-formal məskunlaşma sahələrini əhatə edən 6 əsas dialoq aparılacaq. Forumun ən mühüm yeniliyi isə şəhərsalma sahəsində innovativ layihələri mükafatlandıracaq və gələcək forumların əsas irsinə çevriləcək "Bakı Şəhərsalma Mükafatı"nın (Baku Urban Award) təsis edilməsidir.
Tədbirin yekun sənədi olacaq "Bakı Fəaliyyət Çağırışı" BMT Baş Katibinin növbəti hesabatına əsas töhfə kimi təqdim olunacaq.













